Təhsil Naziri: "Müəllimlər, peşəkar işçilər əlavə gəlir mənbələri əldə edəcəklər"
"Ali təhsil müəssisələri orta məktəb dərsliklərin hazırlanması prosesində iştirak edəcəklər". SİA xəbər verir ki, bu barədə təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, məsələ ilə bağlı nazirlik tərəfindən ali təhsil müəssisələrinin rəhbərləri ilə görüşlərdə də ətraflı müzakirələr aparılıb: "Bu, həmin təhsil müəssisələrinin də marağında olan məsələdir. Dərsliklərin hazırlanmasında iştirak etməklə ali təhsil müəssisələrinin müəllimləri, peşəkar işçiləri əlavə gəlir mənbələri əldə edəcəklər. Hazırda bunun üzərində iş gedir. Düşünürəm ki, hətta bu tədris ili üçün hazırlanan dərsliklərdə ali təhsil müəssisələrinin inkişafını daha fəal görə biləcəyik".
Ali təhsil ocaqlarında olan elmi mütəxəssislərin dərslik hazırlama prosesinə aktiv cəlb olunmasının qarşıda duran əsas məsələlərdən biri olduğunu diqqətə çatdıran Mikayıl Cabbarov deyib ki, dərslik müəlliflərinin siyahısına baxdıqda heç də istənilən həcmdə yüksək bilik və bacarığa malik olan ali təhsil ocaqlarının bu prosesin fəal iştirakçıları olmadığını məlum olur: "Burada sual ali təhsil ocaqlarına ünvanlanmalıdır. Nəyə görə bu prosesinin fəal iştirakçıları olan ali təhsil ocaqları mövcud prosesdə elmi biliklərini bölüşmürlər? Digər tərəfdən, ali məktəb müəllimlərinin bu prosesdə iştirak etməsi təbii olaraq maliyyə gəlirlərinin artırılması deməkdir. Bu prosesin təşkilində bizim tərəfimizdən müvafiq dəyişikliklər tətbiq olunacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB