Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) və Təhsil Nazirliyinin (TN) birgə layihəsi olan "Dərslik portalı"nın təqdimatı keçirilib. SİA xəbər verir ki, təqdimatda TQDK-nın sədri Məleykə Abbaszadə və təhsil naziri Mikayıl Cabbarov, dərslik müəllifləri, müstəqil ekspertlər, dərsliklərin nəşr edildiyi nəşriyyat evlərinin rəhbərləri, AMEA-nın mütəxəssisləri, dövlət qurumlarının əməkdaşları və mətbuat nümayəndələri iştirak edib.
"Dərslik portalı"nda TQDK tərəfindən təhsil müəssislərində istifadə edilən dərsliklərin, dərs vəsaitlərinin elmi metodiki monitorinqi nəticəsində hazırlanmış yekun rəylər, müəllimlərə dərsliklərlə işləməkdə metodiki köməklik göstərmək üçün nəzərdə tutulmuş materiallar və yeni tədris proqramları əsasında hazırlanmış dərslik və dərs vəsaitlərinin bölmələri, fəsilləri üzrə materiallara dair qeyd və təkliflər yerləşdiriləcək.
Portalda yerləşdirilmiş rəylərlə bağlı sorğulara Təhsil Nazirliyi tərəfindən dərslik müəllifləri, TQDK tərəfindən isə dərsliklərin monitorinqində iştirak etmiş ekspertlər mütəmadi aydınlıq gətirəcək.
Yeni nəşr ediləcək dərsliklərlə bağlı portala daxil olacaq qeydlər və təkliflər mütəmadi olaraq, müzakirələrə çıxarılacaq və bu barədə portalda məlumat veriləcək.
"Dərslik portalı" monitorinq, xəbərlər və müzakirə bölmələrindən ibarətdir.
Monitorinq bölməsində yeni təhsil porqramları əsasında hazırlanmış I-VI və qüvvədə olan tədris proqramları əsasında hazırlanmış VII-XI sinif dərsliklərinin elmi-metodiki monitorinqinin yekun rəyləri, həmçinin, monitorinqi aparılmış seminar-iclasların protokollarından çıxarışlar, iclasların keçirilməsi haqqında məlumatlar və seminar iclasların video çəkilişləri yerləşdiriləcək.
Xəbərlər bölməsində dərslikləri və dərs vəsaitlərinin elmi-metodiki monitorinqi ilə bağlı məlumatlar yerləşdiriləcək.
Müzakirə bölməsində isə ümumtəhsil fənləri üzrə istifadə edilən dərslik və dərs vəsaitləri haqqında fikirlərin açıq müzakirəsi aparılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB