AMİ-nin Gəncə filialının direktoru vəzifəsindən azad edilib SAXTAKARLIQ
Son aylar ərzində Təhsil Nazirliyinə Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) Gəncə filialı tərəfindən hüquqi əsası olmadan diplomların verilməsi barədə çoxsaylı məlumat daxil olub. Təhsil Nazirliyindən SİA-ya verilən məlumata görə, bəzi hallarda vətəndaşlar həqiqətən həmin təhsil müəssisəsində dərslərə gəlib, imtahan sessiyalarında iştirak edib və dövlət imtahanı verərək diplom alıblar. Kəlbəcər rayonunun ümumtəhsil məktəblərində çalışan müəllimlərin bir hissəsinin təhsil sənədlərinin yoxlanılması zamanı AMİ-nin Gəncə filialı tərəfindən verilən dövlət nümunəli olmayan diplomlar aşkar edilib.
Qeyd olunan faktların ciddiliyi nəzərə alınaraq, Təhsil Nazirliyinin əmrinə əsasən Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının tədris və maliyyə-təsərrüfat fəaliyyəti yoxlanılıb.
Yoxlama nəticəsində filialda ali təhsil müəssisələrinin fəaliyyətini tənzimləyən normativ-hüquqi aktların tələblərinin kobud şəkildə pozulduğu, tədrisin təşkilində, maliyyə intizamında, təhsil sənədlərinin saxlanılması və verilməsində ciddi nöqsanlara yol verildiyi müəyyən edilib, bu təhsil müəssisəsində təhsil almayan, jurnal və əmr kitablarında adı qeyd olunmayan şəxslərin adına yazılmış diplomlar aşkar edilib.
Qeyd olunan pozuntu hallarına yol verdiyinə görə, təhsil nazirinin müvafiq əmri ilə AMİ-nin Gəncə filialının direktoru Ramiz Məmmədov vəzifəsindən azad edilib.
AMİ-nin Gəncə filialının fəaliyyətində aşkarlanan pozuntuların kütləvi xarakter daşıdığı nəzərə alınaraq, onlara hüquqi qiymət verilməsi məqsədilə toplanan materiallar Respublika Baş Prokurorluğuna göndərilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB