Akademik Mirəsədulla Mirqasimovun 130 illik yubiley tədbiri keçirilib

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasında AMEA-nın ilk prezidenti, akademik Mirəsədulla Mirqasımovun anadan olmasının 130 illik yubileyinə həsr olunan tədbir keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə, Azərbaycan Respublikasının Səhiyyə naziri Oqtay Şirəliyev, Təhsil naziri Mikayıl Cabbarov, Azərbaycan Tibb Universitetinin rektoru, AMEA Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov, elm adamları, media nümayəndələri və baaşqaları iştirak ediblər. AMEA, Azərbaycan Respublikasının Səhiyyə və Təhsil nazirlikləri tərəfindən birgə təşkil edilmiş yubiley mərasimi Fəxri xiyabandan başlayıb. Mərhum alimin xatirəsi anılmış, məzarı önünə gül dəstələri qoyulub. Sonra AMEA-nın əsas binasında görkəmli akademikin həyat və yaradıcılığını əks etdirən kitab, jurnal və digər nəşrlərin sərgisi təşkil edilib. Sərgidə təqdim olunmuş yeni "Akademik Mirəsədulla Mirqasımov haqqında xatirələr kitabı" maraqla qarşılanıb. Daha sonra yubiley tədbiri öz işinə başlayıb.

AMEA-nın prezidenti, akademik Akif Əlizadə giriş nitqi ilə çıxış edərək demişdir ki, tanınmış ictimai xadim, ilk azərbaycanlı alim-cərrah, tibb elmləri doktoru, professor, əməkdar elm xadimi, akademik M.Mirqasımov şəxsiyyəti, elmi, elmi-təşkilati, pedaqoji və tibbi-nəzəri istiqamətləri özündə birləşdirən çoxşaxəli fəaliyyət göstərmiş, XX əsrin birinci yarısında Azərbaycan elmi-ictimai düşüncəsinin təşəkkülündə və inkişafında müstəsna rol oynayıb. 1945-ci ildə İkinci Dünya müharibəsi bitməmiş ölkədə elmi proseslərin daha mütəşəkkil təşkili, tarix, mədəniyyət və təbiətin daha sistemli öyrənilməsi məqsədi ilə Azərbaycan Elmlər Akademiyası (AEA) təsis edilir. Bu, xalqımızın tarixində olduqca mühüm bir hadisə idi. İlk akademiklərin yığıncağında tibb sahəsində zəngin elmi təcrübəsi və elmi-təşkilati işdə xüsusi səriştəsi ilə fərqlənən akademik M.Mirqasımov AMEA-nın ilk prezidenti seçilir. O vaxtdan indiyəcən inkişafın böyük tarixi yolunu keçmiş AMEA hazırda özünün 70 illik yubileyinə hazırlaşır.

Akademik Akif Əlizadə xatırladıb ki, M.Mirqasımovun 130 illik yubileyinin keçirilməsi Prezident İlham Əliyevin 2013-cü il 6 fevral tarixli sərəncamının icrasından irəli gəlir. Sərəncama əsasən yubileylə əlaqədar tədbirlər planı hazırlanmış, akademik M.Mirqasımovun vaxtilə yaşadığı binadakı xatirə lövhəsi yenilənmiş, alimin həyat və yaradıcılığı haqqında kinofilm çəkilməsi haqqında Nazirlər Kabineti qarşısında vəsatət qaldırılıb.

Sonra Azərbaycan Respubikasının Səhiyyə naziri, tibb elmləri doktoru, professor Oqtay Şirəliyev ictimai xadimin həyat və yaradıcılığına dair çıxış edib. Vurğulayıb ki, akademik M.Mirqasımov Azərbaycanda uroloji xəstəliklər üzrə doktorluq dissertasiyası müdafiə etmiş ilk milli mütəxəssis kimi səhiyyə tariximizdə layiqli və əbədi yer tutur. Hələ 30-cu illərdə görkəmli alim öz tələbələri ilə birlikdə Azərbaycanda urolitiazın meydana gəlməsi və yayılması, malyariya xəstəliyinin fəsadları, cərrahi müalicəsi və səhiyyədə digər problemlərin həlli ilə ciddi məşğul olub. Bakıdakı küçələrdən birinə, eləcə də Respublika Klinik Xəstəxanasına akademik M.Mirqasımovun adının verilməsi onun sənət dünyasına, şəxsiyyətinə olan ehtiramın təcəssümüdür.

Təhsil naziri Mikayıl Cabbarov isə elm xadiminin elmi-pedoqoji fəaliyyətindən danışıb. Akademik M.Mirqasımov Bakı Dövlət Universitetində tibb elminin tədrisinə cəlb olunmuş ilk milli kadrlardan biridir. 1930-cu ildə yenicə təşkil edilmiş Tibb İnstitutunda dərslərin rus dili ilə yanaşı Azərbaycan dilində də tədrisinin qərara alındığını söyləyən nazir o dövrdə milli dildə dərsliklərə ciddi ehtiyac yarandığını xatırladıb. Vurğulayıb ki, bunu nəzərə alan M.Mirqasımov 1931-ci ildə ilk dəfə olaraq milli dildə "Ümumi cərrahiyyə" adlı orijinal dərslik yazıb.

Daha sonra Azərbaycan Tibb Universitetinin rektoru, AMEA Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov akademik M.Mirqasımovun tibb elmindəki digər xidmətlərindən bəhs edib. O, bildirmişdir ki, görkəmli akademik 1929-cu ildə tibb fakültəsi nəzdində təşkil olunmuş "Оperativ urologiya" kursunun rəhbəri təyin edilmiş, ölkəmizdə urologiya elminin milli inkişaf tarixinin özül daşlarını qoyub. İkinci Dünya müharibəsi illərində M.Mirqasımov həmkarları ilə birlikdə Azərbaycanda hospital xidmətində, hərbi-səhra cərrahlığının əsasının qoyulması və inkişaf etdirilməsində mühüm töhfələr verib. O, 28 il fasiləsiz olaraq indiki Azərbaycan Tibb Universitetinin hospital cərrahlığı kafedrasının müdiri vəzifəsində çalışmaqla yüksək ixtisaslı kadrların hazırlanmasında əvəzsiz xidmətlər göstərmiş, institutun maddi-texniki bazasının möhkəmləndiriliməsində mühüm rol oynayıb.

Qeyd edək ki, yubiley mərasimi mərhum akademikin ailə üzvləri, yetirmələri və davamçılarının xatirə çıxışları ilə davam edib. Tədbirdən sonra M.Mirqasımovun vaxtilə yaşadığı Xaqani 19 ünvanındakı binada yeni xatirə lövhəsinin açılışı olub.

Bütün xəbərlər Facebook səhifəmizdə