BANM-da tələbələr arasında şahmat turniri keçirilib FOTO

BANM-da tələbələr arasında şahmat turniri keçirilib FOTO

Bakı Ali Neft Məktəbinin (BANM) yaradılmasının ikinci ildönümü ilə əlaqədar olaraq ali məktəbdə BANM-nin və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə tələbələr arasında şahmat turniri keçirilib. BANM-dan SİA-ya verilən məlumata görə, tədbirdə çıxış edən rektor Elmar Qasımov Bakı Ali Neft Məktəbinin professor-müəllim və tələbə heyətini ali məktəbin yaradılmasının ikinci ildönümü münasibəti ilə təbrik edib, qısa zaman ərzində bu tədris ocağında həyata keçirilən işlər haqqında ətraflı məlumat verib. Ölkəmizdə prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu gənclər siyasəti haqqında danışan Eldar Qasımov qeyd edib ki, bu gün təhsillə yanaşı gənclərin intellektual və mədəni səviyyələrində inkişaf etdirmələri üçün dövlət tərəfindən istənilən yüksək şərait yaradılıb. Şahmatın məntiq tələb edən intellektual oyun olduğunu bildirən Elmar Qasımov Azərbaycanda bu oyun növünə hər zaman yüksək marağın olduğunu və ölkəmizin şahmat üzrə dünyanın 20 ən güclü dövlətləri sırasında olduğunu qeyd edib.

Tədbirdə iştirak edən şahmat üzrə beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadə BANM əməkdaşlarını və tələbələrini təbrik edərək, turnirin qaydaları haqqında məlumat verib və bildirib ki, yarış 7 turdan ibarət İsveçrə sistemi üzrə keçirilir.

3 saat davam edən yarışda BANM tələbələri Rəhimov Rza I yeri, Şərifov İbrahim II yeri, Sadıqov Elton III yeri qazanıblar. Sonda qalib olan tələbələr Bakı Ali Neft Məktəbinin rəhbərliyi tərəfindən müxtəlif hədiyyələrlə təltif olunublar.

Bütün xəbərlər Facebook səhifəmizdə