“Abituriyent” jurnalının 11-ci sayında 600-dən yuxarı bal toplayan abituriyentlər yer alıb

“Abituriyent” jurnalının 11-ci sayında 600-dən yuxarı bal toplayan abituriyentlər yer alıb

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) hər il olduğu kimi bu il də ali təhsil müəssisələrinə qəbul imtahanlarında 600-dən yuxarı bal toplayan gənclərin ictimaiyyətə tanıdılması, təcrübəsinin öyrənilməsi və yayılması məqsədilə "Abituriyent" jurnalının növbəti 11-ci sayını onlara həsr edib. Komissiyasının mətbuat xidmtindən SİA-ya verilən məlumata görə, jurnalın bu sayı ən yüksək nəticəli tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı və "Ali məktəb tələbələri üçün Prezident təqaüdünün artırılması haqqında" fərmanı ilə açılır. Burada Prezident təqaüdçüləri haqqında məlumat, onların bitirdikləri məktəblər üzrə siyahısı, ən yüksək nəticə göstərən gənclərlə müsahibələr, hər bir yüksək nəticəli abituriyentin topladığı bal, qəbul olduğu ixtisas, bitirdiyi məktəb və s. haqqında məlumatlar təqdim olunub.

Jurnalda həmçinin 600-dən yuxarı bal toplayan gənclərlə aparılan anket sorğusunun nəticələri, onların arzu, rəy, təklif və gələcək abituriyentlərə tövsiyələrindən nümunələr dərc edilib.

Qeyd edək ki, jurnalı TQDK-nın qarşısındakı "Abituriyent" köşkündən almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.

Bütün xəbərlər Facebook səhifəmizdə