Akademik Ramiz Mehdiyevin “Десять лет, изменившие Азербайджан: 2003-2013” kitabının müzakirəsi keçirilib

Akademik Ramiz Mehdiyevin “Десять лет, изменившие Азербайджан: 2003-2013” kitabının müzakirəsi keçirilib

Bakı Slavyan Universitetində (BSU) Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Десять лет, изменившие Азербайджан: 2003-2013" kitabının müzakirəsinə həsr olunmuş "dəyirmi masa" keçirilib.

BSU-dan SİA-ya bildiriblər ki, müzakirəni universitetin elmi işlər üzrə prorektoru, dosent Seyfəl Həsənov açaraq, kitabın dəyərindən söz açıb.

Universitetin İctimai-siyasi elmlər (virtual) institutunun direktoru, dosent Qalib Barxalov 2003-2013-cü illərdə Azərbaycanda baş verən ictimai-siyasi proseslər, Azərbaycanın müxtəlif sahələrdə əldə etdiyi nailiyyətlərindən danışıb.

Akademik R.Mehdiyevin kitabında son 10 ildə siyasətdə, iqtisadiyyatda, mədəniyyətdə və təhsildə baş verən yeniliklərdən danışıldığını deyən natiq, noyabr ayının əvvəllərində keçirilmiş III Bakı Beynəlxalq Humanitar Forumundan da söz açıb, bu tədbirin Rusiya və Azərbaycan prezidentlərinin təşəbbüsü ilə həyata keçirildiyini vurğulayıb. O, oktyabrın 9-da keçirilmiş prezident seçkilərində xalqın düzgün seçiminin ölkəmizin hər bir sahədə inkişafına müsbət təsir edəcəyini vurğulayıb və Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində ölkəmizin daha da inkişaf edəcəyinə əminliyini ifadə edib.

Universitetin diplomatiya və xarici siyasət kafedrasının müdiri, dosent Şirinbəy Əliyev kitabın müəllifi haqqında danışaraq, akademik R.Mehdiyevin daim cəmiyyəti düşündürən və aktuallığı ilə seçilən problemlərə və mövzulara müraciət etdiyini, bu kitabın da ən yeni tariximizin hərtərəfli tədqiqində xüsusi əhəmiyyət kəsb etdiyini bildirib.

Avropaşünaslıq kafedrasının müdiri, dosent Sevda Axundova böyük siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevdən sonrakı dövrdə ölkənin idarə olunmasında Prezident İlham Əliyevin misilsiz xidmətlərindən, dövlət idarəçiliyi kimi məsuliyyətli işin öhdəsindən layiqincə gəldiyindən danışıb.

Dosent Ərzuman Əmirli kitabın quruluşu, fəsillər arasında əlaqələr, hər bir fəsildə əks olunmuş məlumatların dolğunluğu, faktların məntiqi ardıcıllığı barədə fikirlərini bildirib.

Akademik R.Mehdiyevin "Десять лет, изменившие Азербайджан: 2003-2013" kitabının müzakirəsinə həsr olunmuş "dəyirmi masa" iştirakçıları əsərin Moskva nəşriyyatında nəşr edilməsinin MDB məkanında həm siyasi, həm də mədəni maraq doğuran hadisə olduğunu qeyd ediblər.

Müzakirələr tədbirdə iştirak edən tələbələr və gənc tədqiqatçılar üçün xüsusilə maraqlı və faydalı olub.

Bütün xəbərlər Facebook səhifəmizdə