Seyid Yəhya Bakuvinin 550 illik yubileyinə həsr edilən tədbir keçirilib FOTO

Seyid Yəhya Bakuvinin 550 illik yubileyinə həsr edilən tədbir keçirilib FOTO

Millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin təşkilatçılığı ilə Tovuzda Seyid Yəhya Bakuvinin 550 illik yubileyinə həsr edilən tədbir keçirilib. SİA-nın məlumətına görə, 2013-cü ilin YUNESKO tərəfindən Seyid Yəhya Şirvani (Bakuvi) ili elan edilməsi ilə əlaqədar Seyid Yəhya Bakuvi irsinin tanıdılması və təbliği istiqamətində Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin təşkilatçılığı ilə Tovuz rayonunda Seyid Yəhya Bakuvinin 550 illik yubileyinə həsr edilən tədbir keçirilib.

Tədbirdə Seyid Yəhya əş-Şirvani əl-Bakuvi irsinin gənc nəsillərə daha yaxından tanıdılması məqsədilə dr. Mehmet Rıhtım tərəfindən Azərbaycan dilində hazırlanıb oxucuların ixtiyarına verilən "Seyid Yəhya əş-Şirvani əl-Bakuvi və Şəfa əl Əsrar" ("Sufiliyin sirləri") adlı kitabın təqdimatı keçirilib.

Tovuz rayonunda baş tutan təqdimat mərasimində millət vəkili Qənirə Paşayeva əvvəlcə mərasim iştirakçılarına Seyid Yəhya Bakuvinin kimliyi və yaradıcılığı barədə məlumat verib.

Qənirə Paşayeva çıxış edərək 2013-cü ildə YUNESKO-nun Baş Konfransının 36-cı sessiyasında Seyid Yəhya Bakuvinin 550 illik yubileyinin dünya səviyyəsində qeyd edilməsi haqqında qərar qəbul edildiyi barədə məlumat verib və Seyid Yəhyanın qəbrinin Bakıda, İşərişəhərdəki Şirvanşahlar sarayının yanında dəfn edildiyini və onun türbəsi də olduğunu bildirib.

Millət vəkili Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ilk türk qadını kimi YUNESKO-nun xoşməramlı səfiri olduğunu və onun xeyirxah təşəbbüsü ilə bu təşkilatda Qobustanın, Novruz bayramının, aşıq musiqisinin, muğamımızın adının təsdiqləndiyini və indi də Çövkan oyununun təsdiq edilməsində böyük işlər görüldüyünü bildirib.

Tədbirdə AYB-nin Aran bölməsinin sədri, "Ədəbiyyat qəzeti"nin şöbə müdiri Sərvaz Hüseynoğlu, Şairə Gülayə Rzayeva, müğənni Elza Seyidcahan, vokalçı İlham Əsgəroğlu və başqaları çıxış edərək böyük alimlərin Azərbaycan tarixində və ədəbiyyatında görkəmli yer tutan Seyid Yəhya Bakuvi yaradıcılığı haqqında fikirlərini bölüşüblər.

Tədbir iştirakçılarının hər birinə, müəllim və şagirdlərə Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB tərəfindən "Seyid Yəhya əş-Şirvani əl-Bakuvi və Şəfa əl-Əsrar" kitabı hədiyyə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə