Polşa səfiri ADU-da Azərbaycan dilində təqdimatla çıxış edib

Polşa səfiri ADU-da Azərbaycan dilində təqdimatla çıxış edib

Bu gün Azərbaycan Dillər Universitetinin (ADU) İnformasiya Resurs Kompleksində (İRK) Polşanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mikal Labenda "Şərq Tərəfdaşlığı" mövzusunda təqdimatla çıxış edib.

ADU mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, təqdimat mərasimində Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin dekanı Anar Nağıyev, həmin fakültənin Britaniyaşünaslıq və Amerikaşünaslıq ixtisasında təhsil alan tələbələr iştirak edib.

Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin dekanı Anar Nağıyev çıxış edərək bildirib ki, bu kimi təqdimatlar gələcəyin diplomatlarının formalaşmasında mühüm əhəmiyyət kəsb edir.

"Şərq Tərəfdaşlığı" mövzusunda təqdimatla çıxış edən Polşanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mikal Labenda Avropa İttifaqının həyata keçirdiyi proqram haqqında Azərbaycan dilində tələbələrə geniş məlumat verib.

Səfir proqramın siyasi əməkdaşlıq, insanlararası ünsiyyət səviyyəsində əməkdaşlıq, viza rejiminin yüngülləşdirilməsi, iqtisadi əməkdaşlıq üçün tamamilə yeni şərtlərin meydana gətirilməsi və müəyyən mənada siyasi inteqrasiyanı əhatə etdiyini deyib.

Polşalı diplomat təqdimatda Dörd Şərq Tərəfdaşlığı Plartforması, Altı Flaqman Təşəbbüsündən də söz açıb.

O, çıxışında Şərq Tərəfdaşlığı Gənclər Şəbəkəsinin fəaliyyətinə də toxunub. Səfir Erasmus Mundus proqramında 2007-2013 illər ərzində 252 min insanın iştirak etdiyini və bu insanların 28 ölkənin 1000-ə yaxın universitetindən yararlandığını qeyd edib. Azərbaycana gəldikdə isə, M. Labenda bildirib ki, 2010-2012-ci illər ərzində bu proqramdan 230-dan yuxarı insan faydalanıb.

Diplomat təqdimatında təmsil etdiyi ölkənin təqaüd proqramları haqqında da məlumat verib.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə