“Gənc istedadlar” liseyi ilin ən yaxşı ümumtəhsil məktəblərindəndir
Bu gün Bakı Dövlət Universitetində Prezident İlham Əliyevin 6 avqust 2013-cü il tarixli sərəncamı ilə Bakı Dövlət Universiteti nəzdində "Gənc istedadlar" liseyinin 2012/2013-cü tədris ilində keçirilmiş "İlin ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qaliblərindən biri olması münasibətlə tədbir təşkil olunub. BDU-nin mətbuat və informasiya şöbəsindən SİA-ya verilən məlumata görə, əvvəlcə Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov çıxış edərək Ümummilli lider Heydər Əliyevin müstəqil dövlətin təməli olan təhsilə xüsusi diqqət və qayğı göstərməsindən, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirməsindən danışıb.
Daha sonra "Lisey inkişaf və yüksəliş yollarında" mövzusunda liseyin direktoru, professor Qasım Hüseynov çıxış edib. Liseyin başlıca vəzifəsinin gənc istedadları aşkar etmək, onların inkişafına hərtərəfli şərait yaratmaq, gələcək inkişaflarını düzgün istiqamətləndirmək, dərin biliyə, yüksək mənəvi keyfiyyətlərə malik, vətənpərvər gənclər yetişdirməkdən ibarət olduğunu deyən Q.Hüseynov liseyə marağın ildən-ilə artmasından, əldə olunan nailiyyətlərdən bəhs edib.
Tədbirdə Təhsil Nazirliyinin şöbə müdiri Aydın Əhmədov, Təhsil Problemləri İnstitunun direktoru Qulu Novruzovun da çıxışı maraqla dinlənilib. Liseyin müəllimləri adından Kərəm Səfərov, valideynlər adından Murad Axundov çıxış edib. Bədii hissədə isə lisey şagirdlərinin ifasında maraqlı çıxışlar edildikdən sonra, respublikanın xalq artisti Alim Qasımov, müğənni Şəhla Həmidovanın ifaları dinlənilib.
Sonda rektor, akademik Abel Məhərrəmov tərəfindən Azərbaycan incəsənətinin görkəmli nümayəndələrinə Bakı Dövlət Universitetinin xatirə hədiyyələri təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə