Bu gün Azərbaycan Dillər Universitetində Çin dili və mədəniyyəti mərkəzinin təşkilatçılığı ilə "Ali məktəblərdə Çin dilinin müasir tədrisinin metodikaları" mövzusunda elmi-metodiki seminar keçirilib.
ADU-nun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, seminarda universitetin rektoru, Milli Məclisinin deputatı, professor Səməd Seyidov, ÇXR-ın Azərbaycandakı səfirliyinin müşaviri Li Yonghui iştirak edib.
Seminarda çıxış edən mərkəzin direktoru, dosent Rafiq Abbasov Azərbaycanda Çin dilinin tədrisinə marağın artması, Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin 1994-cü ildə ÇXR-na tarixi səfəri zamanı əsası qoyulmuş Azərbaycan-Çin arasındakı siyasi, iqtisadi və mədəni əməkdaşlığın ildən-ilə inkişafı, Azərbaycanda Çin dilinin tədrisi tarixi haqqında danışıb. O, Çin dilinin tədrisinin kommunikativ və linqvo-psixoloji metodlarının mənimsənilməsini, Çinşünas mütəxəssislərin yetişdirilməsini və heroqliflərin öyrənilməsinin vacibliyini xüsusi vurğulayıb.
Seminar çərçivəsində universitetin Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin Çinşünaslıq ixtisasının I kurs tələbələri ilə açıq dərs keçirilib. Müəllim Turan Hüseynova, magistrlar Könül Abbasova və Firəngiz Hacızadə tələbələri Çin dilinin qrammatikasının, heroqliflər və fonetikasının müasir tədris metodikaları ilə tanış ediblər.
Tədbirdə iştirakçılar mərkəzdə açılmış Çin dilinin müasir kitab və dərs vəsaitləri sərgisi, eyni zamanda, Çin dilinin mənimsənilməsi səviyyəsini qiymətləndirən HSK imtahanlarının keçirilmə qaydaları ilə tanış olublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB