Kuba səfiri Bakı Ali Neft Məktəbində olub FOTO

Kuba səfiri Bakı Ali Neft Məktəbində olub FOTO

Kubanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ömər Senon Medina Kintero Bakı Ali Neft Məktəbində (BANM) olub. BANM-dan SİA-ya verilən məlumata görə, qonağı qəbul edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bildirib ki, Kuba ilə Azərbaycan arasında hər zaman isti münasibətlər olub və bu gün də bu münasibətlər yüksək səviyyədə davam edir. BANM-in fəaliyyəti haqqında qonağa ətraflı məlumat verən E.Qasımov qeyd edib ki, Bakı Ali Neft Məktəbinin yaranmasında əsas məqsəd günü-gündən inkişaf edən Azərbaycan üçün yüksəkixtisaslı kadrların hazırlanması olub.

Daha sonra rektor ali məktəbin beynəlxalq əlaqələrinin genişləndirilməsinin vacibliyini qeyd edərək bildirib ki, beynəlxalq təhsil sisteminin tələblərinə uyğun yaradılan Bakı Ali Neft Məktəbinin önəm verdiyi əsas məsələlərdən biri də dünya dövlətlərinin aparıcı təhsil mərkəzləri ilə əlaqələrin qurulmasıdır.

Qısa müddət ərzində bu istiqamətdə görülən işlər haqqında məlumat verən Elmar Qasımov qeyd edib ki, Kuba Respublikasının elm və təhsil mərkəzləri ilə əməkdaşlıq əlaqələrinin qurulması xüsusi maraq kəsb edir.

Kuba Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ömər Senon Medina Kintero Bakı Ali Neft Məktəbinə gəlişindən məmnunluq hissi keçirdiyini bildirib. Səfir qeyd edib ki, Azərbaycanda yüzlərlə kubalı tələbə təhsil almışdırlar və bu gün də alanlar var. Baxmayaraq ki, Kubada neft-qaz sənayesi o qədər də inkişaf etməmişdir, lakin buna baxmayaraq, təhsil alan tələbələrin əksər hissəsi, demək olar ki, bu ixtisaslar üzrə təhsil almışdırlar və onların bir çoxu bu gün Kubada yüksək vəzifələrdə fəaliyyət göstərirlər. Müasir tipli texniki ali məktəbin yaradılmasının çox vacib olduğunu vurğulayıb. O, qeyd edib ki, Kuba hökuməti təhsil sahəsində Azərbaycanla əlaqələrin qurulmasında maraqlıdır.

Azərbaycanda səfir kimi fəaliyyətə başladığı zamandan etibarən Azərbaycan və Kuba arasında bir çox təhsil layihələrinin həyata keçirilməsi istiqamətində işlər gördüyünü söyləyən Ömər Senon Medina Kintero iki ölkə arasında təhsil sahəsində əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsinin vacibliyini qeyd edib. O vurğulayıb ki, bu gün Kuba dövləti yalnız öz daxili enerji tələbatını ödəyə biləcək səviyyədə neft-qaz hasil edir: "Lakin mütəxəssislərin bildirdiyinə görə, Kuba ərazisində böyük neft yataqları vardır və gələcəkdə bu yataqların istismarı zamanı Sizin mütəxəssislərin təcrübələri bizim üçün böyük əhəmiyyət kəsb edə bilər".

O bildirib ki, bilik və təcrübələrin paylaşılması baxımdan Azərbaycanla Kuba arasında professor-müəllim, mütəxəssis və tələbə mübadiləsi Kuba dövləti üçün gərəkli məsələdir.

Verilən təklifləri yüksək qiymətləndirən E.Qasımov yaxın vaxtlarda qeyd edilən istiqamətlərdə praktiki əlaqələrin qurulacağına ümidvar olduğunu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə