Qarabağ folkloru ilə bağlı elmi konfrans keçiriləcək

Qarabağ folkloru ilə bağlı elmi konfrans keçiriləcək

Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu noyabrın 15-d Ağcabədi şəhərində "Qarabağ folkloru: problemlər, perspektivlər" mövzusunda II respublika elmi konfrans keçirəcək.

Akademiyadan SİA-ya verilən məlumata görə, konfransın keçirilməsində məqsəd Qarabağ folklorunu, bütövlükdə milli-mənəvi dəyərlərini öyrənən və araşdıran elm adamlarının bir araya gəlməsini təmin etmək və onların fikirlərini Azərbaycan və dünya ictimaiyyətinə çatdırmaqdı.

Konfransa qatılmaq üçün göndərilmiş onlarla məruzədən diqqətlə seçim edilib və mövzunun tələblərinə cavab verməyən, elmi məruzənin texniki tələblərinə uyğun gəlməyən məruzələr kənara qoyulub.

Qeyd edək ki, folklor və mədəniyyət beşiyi olan Qarabağ artıq 20 ilə yaxındır ki, düşmən tapdağı altındadı. Bir çox maddi-mədəniyyət abidələrimiz işğalçılar tərəfindən məhv edilib, yüz minlərlə insan ev-eşiyindən didərgin salınıb. Lakin bölgədən qaçqın düşənlər, təbii ki, yaddaşlarında folklorumuzu, mənəvi mədəniyyətimizi yaşatmaqdadır.

Xatırladaq ki, 2012-ci ildə Folklor İnstitutunun bir qrup əməkdaşı bölgə sakinlərinin yaşadığı yerlərə ezam olunub, toplanmış folklor nümunələrindən ibarət üç kitab çap edilib.

Keçən il Folklor İnstitutu, həmçinin, Qarabağ musiqi folklorunu əks etdirən xüsusi albom buraxıb.

AMEA Folklor İnstitutu "Qarabağ folklorunun toplanması, sistemləşdirilməsi və araşdırılması" adlı layihə çərçivəsində başladığı işləri 2013-cü ildə də davam etdirib. Belə ki, bu il institut "Qarabağ: folklor da bir tarixdir" adlı coxcildliyin 4, 5 və 6-cı cildlərini çap edib və Qarabağ bölgəsində qeydə alınan müxtəlif mərasimlərin, xalq oyunları və meydan tamaşalarının video-lentə alınması kimi vacib bir işi həyata keçirib.

AMEA Folklor İnstitutu Qarabağ bölgəsindən və həmin bölgədən qaçqın düşən soydaşlarımızdan toplanmış folklor nümunələrini elmi əsaslarla arxivləşdirmək, nəşrə hazırlamaqla yanaşı, gələcək perspektivləri də müəyyənləşdirməyi nəzərdə tutub.

Sədaqət

Bütün xəbərlər Facebook səhifəmizdə