"Xarici tələbələr Azərbaycana gəlsə, universitetin gəliri olar"

"Xarici tələbələr Azərbaycana gəlsə, universitetin gəliri olar"

"Bakı Dövlət Universitetinin yataqxanasının sökülməsi prosesinə başlanılıb və yaxınlarda sona çatacaq. Lakin yeni yataqxananın tikilməsi gələn il həyata keçiriləcək. Artıq bu istiqmaətdə danışıqlar aparılır, daha sonra isə xərclər müəyyənləşəcək ". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqamasında Bakı Dövlət Universitetinin rektoru, millət vəkili Abel Məhərrəmov deyib.

O qeyd edib ki, yeni yataqxananın tikilməsi layihəsi üçün maliyyə vəsaiti ayrılmalıdır: "Belə təsəvvür olunmasın ki, bu da əvvəlki yataqxanalar kimi olacaq. Əksinə, yeni yataqxana Avropa standartlarına cavab verəcək kompleks olacaq. Yəni, yataqxananın biri bu gün, biri də sabah tikiləcək. Bir neçə ildən sonra universitetin 100 illiyini qeyd edəcəyik. Çalışırıq ki, həmin vaxta qədər 5-6 min tələbəni yataqxanaya götürək".

A. Məhərrəmov yataqxana probleminin olmaması səbəbi ilə xarici dövlətlərdən BDU-da oxumaq istəyən tələbələri itirdiklərini də qeyd edib: "Bu gün bizdə 15 dövlətdən gələn tələbə oxuyur. Bura Yaponiya, Koreya, Çin, Kanada və Avropa ölkələri... Ancaq ən çox Türkiyə və İrandan tələbələr gəlir. Bizdə belə qayda var ki, nə qədər tələbə müraciət edirsə, onun hamısı qeydə alınır. 15-20 min arası tələbə müraciət edir, ancaq bunun 1000-i bizim universitetdə oxuyur. Halbuki, bu rəqəm 3-5 min ola bilər. Hamı yataqxanaya görə gəlmək istəmir. Qeyd edilir ki, necə inkişaf etmiş ölkəsiniz ki, yataqxananız yoxdur. Xarici tələbələr Azərbaycana gələrsə, universitetin gəliri olar, elmi və təhsili də inkişaf etdirərik".

Bütün xəbərlər Facebook səhifəmizdə