ADU-da Bayraq günü qeyd olunub

Azərbaycan Dillər Universitetində (ADU) 9 noyabr "Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü" nə hərs olunan tədbir keçirilib. ADU-dan SİA-ya verilən məlumata görə, Filologiya və Jurnalistika fakültəsinin 343-344-cü qruplarının təşkilatçılığı ilə keçirilən tədbirdə ADU-nun Tərbiyə işləri üzrə prorektoru Ələddin Əliyev, Filologiya və Jurnalistika fakültəsinin dekanı, professor Sevda Vahabova, Nəsimi rayon Gənclər və İdman İdarəsinin rəis müavini Şahmar Tağıyev və tələbələr iştirak edib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü"ilə əlaqədar nitqi və Dövlət Bayraq Meydanının açılışından bəhs edən videoçarx izlənilib.

Tələbələr bu günün tarixi haqqında geniş məlumat veriblər. Azərbaycan Respublikasının üçrəngli bayrağının 9 noyabr 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının (1918-1920) dövründə milli atributlardan biri olduğunu və Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) dağılmasından sonra, 1991-ci ildə müstəqil Azərbaycan Respublikasının rəsmi atributu elan edildiyi qeyd olunub. Tədbirdə Azərbaycan Respublikasının 12 noyabr 1995-ci ildə qəbul edilən Konstitusiyasına görə, Azərbaycanın dövlət bayrağı, gerbi və himni milli atributlar hesab edildiyi söylənilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 noyabr 2009-cu il tarixli fərmanına əsasən hər il 9 noyabrın "Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü"kimi dövlət səviyyəsində qeyd olunduğu tədbir iştirakçılarının nəzərinə çatdırılıb.

Sonra tələbələrin ifasında vətənpərvərliyi tərənnüm edən şeirlər, mahnılar səsləndirilib və səhnəciklər nümayiş olunub.

ADU-nun Tərbiyə işləri üzrə prorektoru Ə. Əliyev tələbələri bayram münasibətilə təbrik edib. Tədbirin yüksək səviyyədə təşkil olunduğunu deyən prorektor təşkilatçılara öz minnətdarlığını bildirib.

Tədbir "Mən Azərbaycanlıyam" mahnısının səsləndirilməsi ilə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə