Bu gün Bakı Slavyan Universitetində (BSU) Dövlət Bayraq gününə həsr olunmuş tədbir keçirilib. Universitetin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, tədbirdə Ukraynanın Azərbaycan Respublikasındakı Səlahiyyətli və Fövqəladə səfiri cənab Aleksandr Mİşşenko, universitetdə İstehsalat təcrübəsini başa çatdıran Ukraynalı tələbələr, BSU-nun rəhbər heyəti, müəllimlər və tələbələr iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor Kamal Abdullayev tədbir iştirakçılarını Bayraq günü münasibətilə təbrik edib və bu dövlət bayramının universitetlə sıx əməkdaşlıq edən Ukraynanın Poltava İqtisadiyyat və Ticarət Universiteti nümayəndələri ilə keçirildiyindən məmnun olduğunu bildirib. O, ukraynalı tələbələrin BSU-da artıq üçüncü ildir ki, turizm və menecment ixtisasları ilə bağlı təcrübə keçdiklərini vurğulayıb.
Universitetin yaxın dostu olan səfir Aleksandr Mişşenko tədbir iştirakçılarını salamlayıb. O, ukraynalı tələbələrin Azərbaycanda təhsil alması ilə yanaşı, azərbaycanlıların da Ukraynada yüksək səviyyədə təhsil aldıqlarını nəzərə çatdırıb. Səfir Poltava Universiteti tələbələrinin BSU-da artıq ənənəyə çevrilmiş təcrübələrini çox səmərəli başa vurduqlarına görə şad olduğunu və universitetlərarası əməkdaşlığın daha da möhkəmləyəcəyinə əmin olduğunu vurğulayıb. Daha sonra səfir və rektor tərəfindən ukraynalı tələbələrə təcrübənin uğurlu keçdiyini təsdiqləyən sertifikatlar təqdim olunub.
BSU-da fəaliyyət göstərən Ukrayna Tədris-Mədəniyyət Mərkəzinin "Slavyanoçka" ifaçılar qrupunun Ukrayna dilində, ukraynalı tələbələrin Azərbaycan dilində ifa etdikləri müsiqi nömrələri, milli rəqslər böyük maraqla qarşılanıb. Ukraynalı gənclərin dövlət dilimizdə səsləndirdikləri "Azərbaycan" mahnısı tədbirə xüsusi rövnəq verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB