ADU tələbəsinin fərdi rəsm sərgisi açılıb FOTO

ADU tələbəsinin fərdi rəsm sərgisi açılıb FOTO

Azərbaycan Dillər Universitetində "Tələbədən tələbəyə" layihəsi çərçivəsində ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidovun göstərişi ilə universitetin Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin Çinşünaslıq ixtisasının I kursunda təhsil alan Ayan Kərimovanın fərdi rəsm sərgisinin nümayişi keçirilib. ADU-dan SİA-ya verilən məlumata görə, sərgidə ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov nümayiş olunan rəsm nümunələri ilə tanış olub. O, A. Kərimovaya bu istiqamətdə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Sərgidə, eyni zamanda ADU-nun Tərbiyə işləri üzrə prorektoru Ələddin Əliyev çıxış edib. Prorektor bu yaxınlarda layihənin birinci mərhələsində tələbə Ayan Kərimovanın qazandığı uğurlardan bəhs olunan təqdimatın keçirildiyini xatırladaraq ona müvəffəqiyyət arzulayıb. ADU-nun tələbələri arasında çoxlu istedadların olduğunu qeyd edən Ə. Əliyev universitet rəhbərliyinin hər zaman tələbələrin bacarıqlarını üzər çıxarmaq istiqamətində onlara dəstək olduğunu söyləyib.

Sərgi ADU Tələbə Gənclər Təşkilatının təşkilatçılığı və Azərbaycan Milli Konservatoriyası nəzdində İncəsənət Gimnaziyasının dəstəyi ilə baş tutub. Belə ki, Ayan Kərimovanın Ginmnaziya fondunda saxlanılan 63 rəsm əsəri sərgidə nümayiş olunub. Sərgidə, o cümlədən tələbənin yerli və beynəlxalq treninqlər, inşa müsabiqələri, rəssamlıq, dizayn sənəti, Ümummilli lider Heydər Əliyevə həsr olunan müxtəlif layihələr, ekologiya, sağlamlıq, musiqi, eyni zamanda uşaq rəsm festivalları, yarışlar və olimpiadalarda aktiv fəaliyyətinə görə əldə etdiyi diplomlar, sertifikatlar, medallar, təşəkkürlər və fəxri fərmanları nümayiş olunub.

Qeyd edək ki, sərgi 05.11.2013 –cü il saat 16:00-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə