Fərhad Hacıyev Bakı Ali Neft Məktəbinin tələbələri ilə görüşüb FOTO

Fərhad Hacıyev Bakı Ali Neft Məktəbinin tələbələri ilə görüşüb FOTO

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun sədri Fərhad Hacıyev Bakı Ali Neft Məktəbinin qonağı olan və tələbələrlə görüşü keçirib. Ali məktəbdən SİA-ya verilən məlumata görə, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov qonağı BANM-də görməkdən məmnunluq hissi keçirdiyini ifadə edib. O, bildirib ki, Gənclər Fondu ilə əməkdaşlığın qurulması ali məktəbimizin tələbələri üçün olduqca vacib və əhəmiyyətli məsələdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən "Gənclər siyasəti"nin əhəmiyyətindən və önəmindən bəhs edən Eldar Qasımov bildirib ki, bu gün Azərbaycanda gənclərin inkişafı və gələcəkdə bir lider kimi yetişməsi üçün bütün lazımi şərait dövlət tərəfindən yaradılıb. Günü-gündən bu istiqamətdə yeni islahatlar həyata keçirilir.

Azərbaycanda Avropa standartlarına tam uyğun yaradılan Bakı Ali Neft Məktəbində olmasından məmnunluğunu ifadə edən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun sədri Fərhad Hacıyev qeyd edib ki, məhz bu cür ali təhsil ocaqlarının ölkəmizdə yaradılması dövlət başçısının gənclərə olan yüksək diqqətinin və qayğısının nəticəsidir. Daha sonra Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması və fəaliyyəti haqqında tələbələrə ətraflı məlumat verən Fərhad Hacıyev bildirib ki, Gənclər Fondu gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönələn fəaliyyətləri stimullaşdıran, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində maliyyələşdirən bir qurumdur. O bildirib ki, Gənclər Fondu bu günə qədər 3 qrant müsabiqəsi həyata keçirib və artıq 4-cü qrant müsabiqəsinə start verilib. Tələbələri bu qrant müsabiqəsində aktiv iştirak etməyə çağıran Fərhad Hacıyev müsabiqənin şərtləri və qaydaları haqqında ətraflı məlumat verib.

Gənclər Fondu ilə artıq fəaliyyətə başladıqlarını bildirən BANM Tələbə Senatının sədri Rəvan Adilov bildirib ki, onların təşkilatı ATGTİ –ilə birlikdə həyata keçirmək istədikləri "Gənc Neftçilərin I Bilik Olimpiyadası" layihəsi üçün Gənclər Fondunun həyata keçirdiyi 3–cü qrant müsabiqəsinin qalib layihələrindən olub və yaxın zamanda bu layihənin icrasına başlanılacaq.

Daha sonra F.Hacıyev tələbələrin çoxsaylı suallarını cavablandırıb və fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə