Bu gün paytaxt Bakının Hilton otelində Böyük Britaniyanın 41 universitetinin və kollecinin iştirakı ilə "Education UK-Böyük Britaniyada Təhsil" sərgisi keçirilir. SİA xəbər verir ki, sərgidə Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İrfan Siddiq, təhsil nazirinin müavini Ceyhun Bayramov, yerli və xarici qonaqlar, həmçinin Azərbaycan universitetlərinin tələbələri iştirak ediblər.
Sərginin açılışında çıxış edən Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İrfan Siddiq Azərbaycanda ilk dəfə olaraq belə bir sərginin keçirilməsinin iki ölkənin təhsil sahəsindəki əməkdaşlığına bariz nümunə olduğunu deyib. O qeyd edib ki, ötən il Böyük Britaniyanın müxtəlif universitetlərində Azərbaycandan 100-dən çox tələbə təhsil alıb: "Hər bir azərbaycanlı tələbə öz ölkəsinin səfiridir və biz də onlara lazımi dəstəyi göstərməyə hazırıq. İstəyimiz Böyük Britaniya universitetlərində daha çox azərbaycanlı tələbənin təhsil almasıdır. Təhsil Nazirliyi ilə birgə fəaliyyət hər iki ölkə təhsilinin inkişafı, savadlı gənclərinin yetişməsinə əhəmiyyətli töhfələr verəcək".
Təhsil nazirinin müavini Ceyhun Bayramov isə bildirib ki, bu yaxınlarda fəaliyyətinin 20 illiyini qeyd edəcək Britaniya Şurası (British Council) iki ölkə arasında əlaqələrin qurulmasında önəmli rol oynayıb. O bildirib ki, bu müddət ərzində Təhsil Nazirliyi Britaniya Şurası ilə birgə 10-dan artıq layihə, 100-dən artıq birgə tədbir keçirib: "Bu layihələr arasında Azərbaycandan yüzlərlə müəllimin iştirakı ilə ingilis dili kurslarının keçirilməsi, universitetlərin beynəlxalq şöbələrinin inkişafı layihəsini xüsusilə vurğulamaq istərdim. Britaniya universitetləri bütün dünyada olduğu kimi, Azərbaycanda da yaxşı tanınır. Biz Böyük Britaniyadan olan tərəfdaşları yeni təşəbbüsləri ortaya qoymaqla əməkdaşlığa dəvət edirik".
Məlumat üçün bildirək ki, iki gün davam edəcək "Education UK-Böyük Britaniyanın təhsil" sərgisinin əsas məqsədlərindən biri müasir tələbələrə akademik biliklərlə yanaşı, Böyük Britaniyanın təhsil sisteminin geniş imkanlarını tanıtmaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB