Qlazqo Universitetinin nümayəndələri ADU-da

Qlazqo Universitetinin nümayəndələri ADU-da

Bakıda keçirilən III Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün Azərbaycanda səfərdə olan Böyük Britaniyanın Qlazqo Universitetinin Beynəlxalq əlaqələr ofisinin müdiri Klare Mkmanus və Qlazqo Universitetinin Beynəlxalq əlaqələr ofisinin mütəxəssisi Karolayn Boddi Azərbaycan Dillər Universitetində olublar. ADU-dan SİA-ya verilən məlumata görə, qonaqları qarşılayan ADU-nun Tədris işləri üzrə prorektoru, professor Natiq Yusifov onlara rektor Səməd Seyidovun salamlarını çatdırıb. Daha sonra o, Böyük Britaniya universitetləri ilə əlaqələrə toxundu və bu ilin əvvəlində ADU nümayəndə heyətinin Qlazqo Universitetində olan görüşlərini xatırladıb. Prorektor, professor Natiq Yusifov ADU-nun beynəlxalq əlaqələrinin sürətlə inkişaf etdiyini qeyd edib.

Qonaqlar Azərbaycanda və ADU- da olmaqdan məmnun olduqlarını bildiriblər. III Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün Azərbaycanda olmaqdan məmnun olduqlarını vurğulayan qonaqlar ölkəmiz, o cümlədən Bakı haqqında böyük təəssüratlarının olduğunu bildiriblər, Azərbaycanın bölgələri və tarixi yerləri, xalqımızın qonaqpərvərliyi haqda söz açıblar. Onlar Bakıya Forum üçün dəvət olunduqlarını və bu fürsətdən istifadə edərək ADU-ya gəldiklərini vurğulayıblar.

Görüşdə gələcək əməkdaşlıq perspektivləri, birgə layihələrin təşkili, universitetlərarası əlaqələrin genişlənməsi ilə əlaqəli fikir mübadiləsi, bakalavr və magistratura proqramları çərçivəsində əməkdaşlıqdan söz açılıb. Təhsil sahəsində beynəlxalq əməkdaşlığın inkişafı haqda fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, bu il may ayının 6-da Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidovun rəhbərlik etdiyi nümayəndə heyəti Böyük Britaniyaya səfəri çərçivəsində Qlazqo Universitetində olub. ADU ilə Qlazqo Universiteti arasında magistratura pilləsində tələbə mübadiləsi haqqında müqavilə imzalanıb. Müqaviləyə əsasən, universitetlərarası ikitərəfli əməkdaşlıq çərçivəsində ADU-nun tələbələri təhsillərini bu universitetdə davam etdirmək fürsəti qazanırlar. Bundan başqa, əməkdaşlığa həm də elmi və universitet əməkdaşlarının qarşılıqlı mübadiləsi, birgə konfransların təşkili, kitab və jurnal nəşrləri daxildir.

Bütün xəbərlər Facebook səhifəmizdə