İndoneziya rəsmisi ADU-da olub

Bu gün Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov İndoneziya Respublikasının Din Nazirliyinin Beynəlxalq Əməkdaşlıq və Hüquq Bürosunun direktoru professor Ahmad Gunaryonu qəbul edib. ADU-dan SİA-ya verilən məlumata görə, rektor qonağı Azərbaycan Dillər Universitetində görməkdən məmnun olduğunu dilə gətirib. Ölkələrarası əlaqələrdən danışan rektor Səməd Seyidov iki ölkə arasında olan oxşarlıqlardan söz açıb. Rektor Azərbaycanda tarix boyunca müxtəlif dinlərin mövcud olduğunu və Azərbaycanı dinlərin birləşdiyi və tolerantlığı özündə ehtiva edən bir ölkə olduğunu bildirib. O, İndoneziyada da müxtəlif dinlərin mövcud olduğunu sözlərinə əlavə edib. Səməd Seyidov ADU-nun Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsində İndoneziyaşünaslıq ixtisasında tələbələrin təhsil aldığını deyib. Rektor ADU tələbələri haqqında İndoneziya mətbuatında mütəmadi yazıların dərc olunduğunu qonağın diqqətinə çatdırıb. Səməd Seyidov İndoneziyada Azərbaycan Mərkəzinin, ADU-da isə İndoneziya Araşdırmalar Mərkəzinin fəaliyyət göstərdiyini vurğulayıb. O, bu mərkəz sayəsində ADU tələbələrinin İndoneziya dilini, mədəniyyətini, tarixini dərindən öyrəndiklərini bildirib. Rektor Səməd Seyidov Azərbaycan və İndoneziya arasında əlaqələrin səviyyəsinin yüksək olmasının bir çox birgə layihələrin həyata keçirilməsinə zəmin yaratdığını deyib. Rektor İndoneziya səfirliyinin ADU-nun İndoneziya Araşdırmalar Mərkəzi ilə əlaqələrini xüsusi vurğulayıb və məmnunluğunu dilə gətirib. Rektor konfrans, dəyirmi masa və seminarların keçirilməsini, qarşılıqlı səfərlərin mümkünlüyünü vurğulayıb, həmçinin elmi sahədə əməkdaşlıqdan söz açıb.

İndoneziya Respublikasının Din Nazirliyinin Beynəlxalq Əməkdaşlıq və Hüquq Bürosunun direktoru, professor Ahmad Gunaryo səmimi qəbula görə təşəkkür edib. O, iki ölkə arasında əlaqələrin inkişaf etdiyini bildirib. İndoneziyada Azərbaycan Mərkəzinin fəaliyyət göstərdiyini vurğulayan qonaq, İndoneziya mərkəzinin ADU-da fəaliyyət göstərməsini yüksək qiymətləndirib.

Professor Ahmad Gunaryo təhsil sahəsində əlaqələrin əhəmiyyətindən söz açıb, birgə layihələrin keçirilməsi və İndoneziya universitetləri ilə əlaqələr haqqında fikirlərini bölüşüb.

Görüşdən sonra qonaq İndoneziya Araşdırmalar mərkəzində Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin İndoneziyaşünaslıq ixtisasında təhsil alan tələbələrlə görüşüb. Görüşdə İndoneziyaşünaslıq ixtisasında təhsil alan tələbələrlə ünsiyyət quran qonaq məmnun qaldığını bildirib. Fakültə dekanı Anar Nağıyev bağlanış nitqi ilə görüşə yekun vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə