ADU-da “18 oktyabr-Azərbaycan Dövlət Müstəqilliyi günü” qeyd olunub

ADU-da “18 oktyabr-Azərbaycan Dövlət Müstəqilliyi günü” qeyd olunub

Bu gün Azərbaycan Dillər Universitetində "18 oktyabr-Azərbaycan Dövlət Müstəqilliyi günü" münasibətilə dəyirmi masa keçirilib. ADU-dan SİA-ya verilən məlumata görə, tədbirdə universitetin Tərbiyə işləri üzrə prorektoru Ələddin Əliyev, Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin dekanı Anar Nağıyev, Azərbaycan tarixi, fəlsəfə və sosial-siyasi elmlər kafedrasının müdiri, dosent Ədalət Abdıyeva və tələbə-müəllim heyəti iştirak ediblər.

Tədbirdə çıxış edən Tərbiyə işləri üzrə prorektor Ələddin Əliyev Azərbaycan Dövlət Müstəqilliyi gününün böyük əhəmiyyətli bayram olduğunu söyləyib. O, ölkənin müstəqilliyini çətinliklərlə, vuruşa-vuruşa, qanlar tökə-tökə əldə etdiyini xatırladıb. Universitetin tələbəsi olan, 20 yanvar şəhidi Ülvi Bünyadzadənin qəhrəmanlıqlarından bəhs edən prorektor tələbələrin Azərbaycanın müstəqilliyini qorumaq yolunda qəhrəmanlıqlar göstərdiklərini deyib. O, vətənpərvərliyin özünü qorumaq deyil, vətən uğrunda ölümə getmək olduğunu bildirib.

Azərbaycan tarixi, fəlsəfə və sosial-siyasi elmlər kafedrasının müəllimi Ramil Quliyev bu günün tarixi haqqında məruzə ilə çıxış edib. O, 1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Haqqında" Konstitusiya Aktının qəbul edilməsi ilə Azərbaycan dövlətçilik tarixinin yeni mərhələsinin başlandığını və bu gün də uğurla davam etdirildiyini bildirib.

Daha sonra ADU-nun YAP Gənclər Birliyinin sədri, Pedaqoji fakültənin tələbəsi Ziba Nəcəfova dövlətimizin müstəqilliyinin xalqın əzmkarlığı və Ümummilli lider Heydər Əliyevin xilaskarlığı sayəsində qazanıldığını tədbir iştirakçılarının diqqətinə çatdırıb. Z. Nəcəfova vətənin müstəqilliyinin qoruyub saxlamağın gənc nəslin öhdəsinə düşdüyünü bildirib. O, müstəqil ölkənin ən uğurlu universitetinin azad tələbəsi olduğundan xoşbəxtlik hissi keçirdiyini də dilə gətirib.

Pedaqoji fakültənin tələbəsi İsgəndər Hüseynzadə də öz növbəsində bu günün tarixi haqqında qısa məlumat verib.

Bütün xəbərlər Facebook səhifəmizdə