KİV nümayəndələri ingilis dili kurslarına dəvət olundu

KİV nümayəndələri ingilis dili kurslarına dəvət olundu

Bu gün Azercell şirkəti və "Kapsi" Təhsil Mərkəzinin birgə təşkil etdiyi "Jurnalistlər üçün ingilis dili kursları"-nın növbəti mərhələsinin başa çatması ilə əlaqədar olaraq layihədə iştirak edən jurnalistlərə sertifikatların təqdim etmə mərasimi keçirilib. SİA xəbər verir ki, tədbirdə "Kapsi" Təhsil Mərkəzinin təsisçisi Sona Vəliyeva, Azercell şirkətinin prezidenti Kiril Qaburiç və adıçəkilən təhsil mərkəzinin direktoru Elnur Əliyev iştirak edib.

Tədbirdə çıxış edən Sona Vəliyeva "Jurnalistlər üçün ingilis dili kursları" layihəsinin əhəmiyyəti barədə məlumat verib. O bildirib ki, layihənin reallaşdırılmasında məqsəd Azərbaycanın informasiya işinin inkişaf etdirilməsi, media strukturlarında çalışanların xarici dil problemlərinin həll olunması və onların xarici mətbuata inteqrasiyasını təşkil etməkdir: "Azercell şirkəti Azərbaycanda jurnalistlərə ingilis dilini öyrətmək sahəsində ölkənin təhsil mərkəzləri ilə əməkdaşlıq etməkdə maraqlıdır. Bu şirkətin, məhz bizimlə əməkdaşlıq etməsi isə "Kapsi" Təhsil Mərkəzinin dünyanın bir sıra ölkələrinin təhsil ocaqları ilə əlaqələrinin olması, mərkəzin abituriyentlərinin Azərbaycanın ali məktəblərində yüksək ballı ixtisaslarda təhsil alması ilə əlaqədardır. Layihə həyata keçirilmədən öncə mərkəzin poliqlot bölməsində çalışacaq müəllimlərin seçiminə başlanıldı və bu seçimə xüsusi diqqət ayrıldı. Dil öyrənmək istəyən jurnalistlərin bu bacarığının peşə yönümlü olması bizim üçün daha önəmli idi. Ümumilikdə isə deyə bilərəm ki, layihə dövlətin informasiya xidmətini həyata keçirən jurnalistlərin dil öyrənmələrinə və ya bu bacarığı inkişaf etmələrinə xidmət edir".

Kiril Qaburiç tədbirdə çıxışında Azercell şirkətinin layihə ilə bağlı yenilikləri barədə məlumat verib. O bildirib ki, layihə çərçivəsində jurnalistlərə ingilis dili ilə yanaşı, daha bir xarici dil öyrədiləcək: "Bu ildən etibarən "Jurnalistlər üçün ingilis dili kursları" layihəsində iştirak edən media nümayəndələrinə eyni zamanda rus dili də öyrədiləcək. İnanıram ki, layihə iştirakçıları rus dilinin mənimsənilməsində də müsbət nəticələr əldə edəcəklər. Bu sahədə marağı olan hər bir jurnalisti kurslarımıza dəvət edirəm".

Təşkil edilən kurslar barədə məlumat verən Elnur Əliyev isə qeyd edib ki, növbəti kurslarda iştirak etmək istəyən jurnalistlər CV-ləri ilə yanaşı müxtəlif mövzularda yazdığı məqalə ilə təhsil mərkəzinə müraciət edə bilərlər. Mərkəzin direktorunun sözlərinə görə, kurslarda dərslər jurnalistlərin iş vaxtı ilə əlaqədar olaraq səhər və axşam saatlarında, 6 ay davamlı olaraq keçiriləcək.

Tədbirin sonunda kurslarda iştirak edən 29 KİV nümayəndəsinə sertifikatlar təqdim olunub, ingilis dilinin mənimsənilməsində ən bacarıqlı 2 jurnalistə isə Böyük Britaniyada ingilis dilinin təkmilləşdirilməsi kursunda iştirak etmək şansı verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə