İndoneziyanın sabiq vitse-prezidenti ADU-da

İndoneziyanın sabiq vitse-prezidenti ADU-da

Bu gün İndoneziya Araşdırmalar Mərkəzində 2004-2009 –cu illərdə İndoneziya Respublikasının vitse-prezidenti, hazırda isə İndoneziya Qırmızı Aypara Cəmiyyətinin sədri vəzifəsində çalışan Yusuf Kallanın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Dillər Universitetində Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin İndoneziyaşünaslıq ixtisasında təhsil alan tələbələrlə görüşüb. ADU-dan SİA-ya verilən məlumata görə, görüşdə ADU-nun Tədris işləri üzrə prorektoru, professor Natiq Yusifov, Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Jalə Qəribova, İndoneziya Araşdırmalar mərkəzinin müdiri Laura Zərbəliyeva, İndoneziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Priyanto Atiyanto, səfirliyin əməkdaşları və Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsində İndoneziyaşünaslıq ixtisasında təhsil alan I kurs tələbələri iştirak edib.

Görüşdə çıxış edən ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektor, professor Jalə Qəribova qonaqları salamlayıb onları universitetdə görməkdən məmnunluğunu dilə gətirib. O, ADU-da İndoneziyaşünaslıq ixtisasında təhsil alan tələbələrin İndoneziya dilinə və mədəniyyətinə maraq göstərdiklərini, gələcəkdə təhsillərini İndoneziyada davam etdirmək istədiklərini vurğulayıb. ADU ilə İndoneziya universitetləri arasında əlaqələri genişləndirməkdən söz açan prorektor, professor Jalə Qəribova qarşılıqlı əlaqələrin inkişafı üçün tələbə-müəllim mübadiləsinin vacib olduğunu qonaqların diqqətinə çatdırıb.

Daha sonra çıxış edən Tədris işləri üzrə prorektor, professor Natiq Yusifov universitet, burda tədris olunan dillər, fəaliyyət göstərən dil mərkəzləri haqqında qonaqlara ətraflı məlumat verib. İndoneziya ilə olan əlaqələrdən danışan professor Natiq Yusifov səfirliyin dəstəyini xüsusi vurğulayıb.

İndoneziya Respublikasının sabiq vitse-prezidenti Yusuf Kallan səmimi qəbula görə təşəkkür etdi. O, Azərbaycanda və Azərbaycan Dillər Univesitetində olmaqdan məmnun olduğunu dilə gətirib. Y. Kallan ADU-da tələbələrə İndoneziya dilinin, mədəniyyətinin, tarixinin öyrədilməsini yüksək qiymətləndirib. O, tələbə-müəllim mübadiləsi nəticəsində ikitərəfli əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini ifadə edib.

İndoneziyanın milli musiqi aləti olan Ankulunq İndoneziya Araşdırmalar mərkəzinə hədiyyə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə