7-ci Beynəlxalq “Təhsil və Karyera” sərgisinin açılış mərasimi keçirilib

7-ci Beynəlxalq “Təhsil və Karyera” sərgisinin açılış mərasimi keçirilib

Bu gün paytaxt Bakıda 7-ci Beynəlxalq "Təhsil və Karyera" sərgisinin açılış mərasimi keçirilib. SİA-nın xəbərinə görə, mərasimdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov Azərbaycanın sürətlə inkişaf edən iqtisadiyyatı üçün yüksək hazırlıq səviyyəsinə malik müasir peşəkarların tələb olunduğunu diqqətə çatdırıb. O bildirib ki, Təhsil Nazirliyi Azərbaycanda və xaricə fəaliyyət göstərən müxtəlif təşkilatlarla əməkdaşlıq çərçivəsində peşəkar kadrların hazırlanmasına xüsusi önəm verir: "Təhsil prosesi yalnız tələbələrə formal təlim verməklə məhdudlaşmamalı, əmək bazarının hazırkı və gələcək ehtiyaclarını ciddi şəkildə nəzərə alaraq tələb olunan sahələr üzrə mütəxəssislər yetişdirməlidir. İşəgötürənlər isə öz növbəsində yaxın və orta perspektivdə müxtəlif sahələr üzrə mütəxəssis tələbatını daim təhsil mütəxəssisləri ilə paylaşaraq təhsil prosesinin məhz ölkənin iqtisadi inkişafına töhfə verəcək istiqamətdə yönləndirilməsinə dəstək verməlidir".

"İteca Caspian" şirkətinin direktoru Fərid Məmmədov bildirib ki, sərgidə dünyanın 17 ölkəsindən 107 iştirakçısı bir araya gəlib və burada ali təhsil almaq və ya biliklərini artırmaq istəyən şəxslərə geniş informasiya təklif olunur. Onun sözlərinə görə, bu ölkələr arasında Böyük Britaniya, Cənubi Koreya, İspaniya, Kanada, Litva, Macarıstan, Polşa, Şimali Kipr və digərləri var: "İlk dəfə olaraq, 5 ölkə öz milli stendləri ilə çıxış edəcək. Bu ölkələr müxtəlif şəhərlərin məşhur təhsil müəssisələrini təqdim edən Belarus, Litva, Macarıstan, Polşadır və Ukrayna. Ən müxtəlif ixtisaslar üzrə 70-dən çox fakültə, kurs və proqram təklif edən iştirakçılar ziyarətçilərə öz ölkələrinin təhsil sistemi, eləcə də xaricdə bu və ya digər təhsil proqramının üstünlükləri barədə məlumat verəcəklər. Sərgi iştirakçıları tələbə və nümayəndə heyətlərinin mübadiləsi, habelə elmi-tədqiqat fəaliyyəti sahəsində əməkdaşlıq üzrə proqramlarla bağlı Azərbaycan ali təhsil müəssisələrinin nümayəndələri üçün xüsusi təkliflər hazırlayıblar".

Qeyd edək ki, Təhsil Nazirliyinin rəsmi dəstəyi ilə təşkil olunan yeganə sərgi olmaqla yanaşı, regionda təhsil sektoruna həsr olunmuş və aparıcı beynəlxalq universitetlərin təqdim olunduğu ən böyük tədbirdir.

Bütün xəbərlər Facebook səhifəmizdə