Sabahdan etibarən oktyabr ayının 6-na qədər Bakı şəhərində 7-ci Beynəlxalq "Təhsil və Karyera" sərgisi keçiriləcək. SİA-nın xəbərinə görə, bu gün sərgi ilə əlaqədar təşkil edilən mətbuat konfransında çıxış edən təhsil nazirinin müavini Ceyhun Bayramov deyib ki, Beynəlxalq "Təhsil və Karyera" sərgisi Təhsil Nazirliyinin rəsmi dəstəyi ilə təşkil olunan yeganə sərgi olmaqla yanaşı, regionda təhsil sektoruna həsr olunan və aparıcı beynəlxalq universitetlərin təqdim olunduğu ən böyük tədbirdir. Nazir müavini qeyd edib ki, sərgi gələcək peşə seçimi üçün əlverişli şərait yaratmaqla yanaşı, həm işəgötürənlərə, həm də iş axtaran şəxslərə real yardım göstərəcək: "Sərgi çərçivəsində "Azərbaycanda əmək bazarının inkişafı üçün yeni təşəbbüslər" mövzusunda layihə keçiriləcək. Layihənin məqsədi ali təhsil müəssisələri, Azərbaycanın mühüm işəgötürən təşkilatları arasında dialoqu inkişaf etdirmək, Azərbaycanda insan resursları bazarında mövcud problemlərin həlli yollarını müzakirə etmək, tərəflər arasında əməkdaşlığı genişləndirmək ,əmək bazarının inkişafı üçün birgə atılacaq addımları müzakirə etməkdir. XXI əsrin məzunu təkcə ali məktəbi bitirən tələbə deyil, eyni zamanda düzgün və dəqiq mövqe seçib qərar verən və bu qərarı tətbiq edən insan olmalıdır".
Qeyd edək ki, cari ildə sərgidə dünyanın 20 ölkəsindən 100-dən artıq təhsil müəssisəsinin nümayəndələri iştirak edirlər və bu ölkələr arasında Böyük Britaniya, Cənubi Koreya, İspaniya, Kanada, Litva, Macarıstan, Polşa, Şimali Kipr və digərləri var. İlk dəfə olaraq, 5 ölkə öz milli stendləri ilə çıxış edəcək. Bu ölkələr müxtəlif şəhərlərin məşhur təhsil müəssisələrini təqdim edən Belarus, Litva, Macarıstan, Polşadır və Ukrayna. Ən müxtəlif ixtisaslar üzrə 70-dən çox fakültə, kurs və proqram təklif edən iştirakçılar ziyarətçilərə öz ölkələrinin təhsil sistemi, eləcə də xaricdə bu və ya digər təhsil proqramının üstünlükləri barədə məlumat verəcəklər. Sərgi iştirakçıları tələbə və nümayəndə heyətlərinin mübadiləsi, habelə elmi-tədqiqat fəaliyyəti sahəsində əməkdaşlıq üzrə proqramlarla bağlı Azərbaycan ali təhsil müəssisələrinin nümayəndələri üçün xüsusi təkliflər hazırlayıblar.
Hazırda Azərbaycanda müasir avadanlıqlara ehtiyac duyan uşaq bağçaları və məktəblərin inşası və təmir olunması üzrə işlər həyata keçirilir. Bununla əlaqədar olaraq, sərgidə orta təhsil müəssisələri üçün geniş çeşiddə interyer mebeli təqdim olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB