AMEA alimlərin mənzil problemlərinin həlli üçün planlarını açıqladı
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) alimlərin mənzil problemlərinin həlli istiqamətində planlarını açıqlayıb.
Məlumata görə, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 12 ünvanında AMEA-ya məxsus "Aspirantlar Yataqxanası"na aid ərazidə "Evro Stroy-S" MMC şirkəti tərəfindən tikilən 1 bloklu, 16 mərtəbəli yaşayış binası ödənişsiz əsaslarla AMEA-ya təhvil veriləcək. Bu ilin martında başlanmış tikintinin 2014-cü ilin sonunda yekunlaşacağı gözlənilir.
1978-ci ildə istifadəyə verilmiş 9 mərtəbəli "Aspirantlar Yataqxanası" 118 yaşayış otağından ibarətdir. Otaqların hər birinin sahəsi 22,4 kvadratmetrdir.
AMEA-da yataqxanada texniki vəziyyətin öyrənilməsi, orada yaşayan və qeydiyyatda olub yaşamayanlar barədə ətraflı məlumat hazırlanması məqsədi ilə yaradılan komissiya tərəfindən aparılmış araşdırmalar nəticəsində məlum olub ki, hazırda yataqxanada 116 ailə yaşayır, onlardan 76-da ən azı bir ailə üzvü AMEA-nın əməkdaşıdır. Binanın ümumi istifadə sahələri olan bəzi mətbəxlər, idman zalı, yuyunma otağı və digər yerlər də yaşayış sahələri kimi istifadə olunur. Yataqxanada uzun müddət lazımi təmir işləri aparılmadığına görə binanın texniki vəziyyətində xeyli çatışmazlıqlar yaranıb.
İlkin məlumatlara görə, yataqxanada qeydiyyatda olub, lakin orada yaşamayan 238 nəfər müəyyən edilib. Bu rəqəmin daha çox olması ehtimal edilir. Onların arasında çətinliklərlə kirayədə yaşayan, məskunlaşdığı mənzildə yaradıcılıqla məşğul olmağa hətta minimum imkanları olmayan elmi işçilər də az deyil. Hazırda yataqxanada ümumən neçə nəfərin qeydiyyatda olması dəqiqləşdirilir.
Həmçinin, yataqxanada məskunlaşma zamanı yol verilmiş qanun pozuntularının araşdırılması və aradan qaldırılması üçün təkliflər hazırlanması məqsədi ilə xüsusi komissiya yaradılıb. Komissiya yataqxanada yaşayan və qeydiyyatda olub yaşaması mümkün olmayan elmi işçilərin mənzil problemlərinin həlli niyyəti ilə təkliflər hazırlayacaq. Komissiya işini başa çatdırıb təkliflərini təqdim etdikdən sonra növbəti komissiya yaradılacaq və onun AMEA Rəyasət Heyətinin və strukturlarının nümayəndələrindən ibarət olacağı nəzərdə tutulur. Bu komissiya əvvəlki komissiyaların işlərinin nəticələri və təklifləri əsasında AMEA əməkdaşlarının yeni tikilən yaşayış binasında mənzillə təmin olunma məsələsinə dair Rəyasət Heyətinə baxılması üçün təkliflər təqdim edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB