"Gələn ildən AMEA-da magistratura təhsili olacaq"

"Gələn ildən AMEA-da magistratura təhsili olacaq"

"Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) gələn ildən AMEA-da magistratura təhsilinin həyata keçirilməsini nəzərdə tutur. Hazırda bu istiqamətdə işlər davam edir. Elmi kadr hazırlığını bir qədər intensivləşdirmək üçün bu addım mütləq atılmalıdır". SİA-nın məlumatına görə, bunu AMEA prezidenti, akademik Akif Əlizadə açıqlamasında deyib.

O bildirib ki, məsələ ilə bağlı müvafiq qurumlara təkliflər verilib: "Akademiya 2014-cü ildən etibarən magistratura səviyyəsi üzrə kadr hazırlığına başlamağı planlaşdırır. Magistratura pilləsi yolu ilə talantlı gəncləri akademiyaya cəlb edib onlara burada təhsil almaq, eləcə də elmi laboratoriyalarda işgüzarlıq şəraitində alimlərlə yanaşı çalışmaq imkanı veriləcək. Bu yolla onların intellektual biliyinin və bugünkü qloballaşan dünyada imkanlarını xeyli genişləndirə bilərik".

AMEA prezidenti onu da qeyd edib ki, yaxın bir neçə gün ərzində AMEA və akademiyaya tabe olmayan elmi təşkilatlara 2013-2014-cü tədris ili üzrə doktoranturaya qəbulun vaxtı məlum olacaq: "Bildiyimiz kimi, qəbul adətən payız aylarında olur. Nazirlər Kabineti tərəfindən doktoranturaya qəbul planının təsdiqlənməsini gözləyirik. Plan təsdiq olunandan dərhal sonra elan veriləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə