Oksford Universitetinin professoru Norman Deyvis ADU-da

Oksford Universitetinin professoru Norman Deyvis ADU-da

Bu gün Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov Oksford Universitetinin Antoni kollecinin professoru Norman Deyvis və Polşa Respublikasının Azərbaycandakı səfirliyinin müşaviri Andjey Kneyfel ilə görüşüb. ADU-dan SİA-ya verilən məlumata görə, qonaqları salamlayan rektor Səməd Seyidov onları universitetdə görməkdən məmnun olduğunu deyib. Azərbaycan təhsil sistemi haqqında danışan rektor Səməd Seyidov ölkədə aparılan təhsil islahatlarından, eyni zamanda Azərbaycanın Bolonya prosesinə qoşulmasından danışıb.

ADU-da təhsil alan tələbələrin sayının 6000-dən çox olduğunu deyən, rektor, rəhbəri olduğu ali təhsil müəssisəsində müxtəlif dillərin tədrisi ilə yanaşı, regionşünaslıq, beynəlxalq münasibətlər, jurnalistika və filologiya istiqaməti üzrə proqramların tədris olunduğunu vurğulayıb. ADU-da həmçinin müxtəlif xalqların dil və mədəniyyətlərinin öyrənildiyini bildirib

Qonaq öz növbəsində səmimi qəbula görə təşəkkürünü bildirib və universitetdə olmaqdan məmnunluğunu ifadə edib. Görüşdə gələcək əməkdaşlıq perspektivləri, müəllim-tələbə mübadiləsi haqqında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, görüşdən sonra Oksford Universitetinin Antoni kollecinin professoru Norman Deyvis ADU-nun Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin tələbələrinə "Avropa tarixi:Ümumavropa və milli perspektivlər" mövzusunda mühazirə oxuyub. Sonda tələbələrin verdiyi sualları cavablandıran professor Norman Deyvis görüşdən razı qaldığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə