TQDK qəbul imtahanlarının vaxtını dəyişdi DİQQƏT

TQDK qəbul imtahanlarının vaxtını dəyişdi DİQQƏT

"Əvvəlki illərin məzunları qəbul imtahanlarını yayda deyil, apreldə verəcəklər". SİA-nın xəbərinə görə, bu gün keçirdiyi mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə belə deyib. O bildirib ki, əvvəlki illərin məzunlarının balları aprel ayında da məlum olacaq: "Təbii ki, onlar müsabiqədə bu ilin məzunları ilə birgə iştirak edəcəklər. Bu ilin məzunlarının balları məlum olduqdan sonra müsabiqə yerləri elan ediləcək və onlar müsabiqədə iştirak edəcəklər. Beləliklə, biz imtahan prosesini yay aylarında daha çevik keçirə biləcəyik".

Komissiya sədrinin sözlərinə görə, üçüncü sınaq imtahanından sonra əvvəlki illərin məzunları üçün qəbul imtahanları keçiriləcək: "Bunlar təşkilatçılıq nöqteyi-nəzərdən yeniliklərdir və bu yeniliklər elan olunur ki, hər kəs indidən öz planlarını qursun".

Məleykə Abbaszadə gələn il rezidenturaya keçiriləcək qəbul imtahanının vaxtının dəyişdiyini də deyib. Rəsmi qeyd edib ki, hazırda rezidenturaya qəbul imtahanlarının 1-ci və 2-ci mərhələsi ardıcıl şəkildə iki gün ərzində keçirilir: "Səhiyyə Nazirliyinin razılığı ilə rezidenturanın birinci mərhələsinin də martda keçirilməsi, fevralda isə sənəd qəbulunun aparılması planlaşdırılır. Rezidenturanın ikinci mərhələsinin isə yay aylarında keçirilməsi nəzərdə tutulur. Rezidenturanın ilk mərhələsi baza fənləri üzrə keçirilir. Baza fənərin tədrisi isə I, II və III kursda başa çatır. Ona görə də onların martda imtahan verməsində hansısa çətinliklər olmayacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə