Tempus Azərbaycanda yazılı və şifahi tərcümə tədqiqatlarında islahatlar
Bu gün Azərbaycan Dillər Universitetinin (ADU) koordinatorluğu ilə Avropa Birliyinin Tempus proqramının Tempus Ritsa layihəsinin "Tempus Azərbaycanda yazılı və şifahi tərcümə tədqiqatlarında islahatlar" mövzusunda yekun konfransı keçirilib. ADU-nun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, tədbirdə Azərbaycan Respublikası Təhsil nazirinin müavini Ceyhun Bayramov, Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun rektoru, professor Asəf Zamanov, Milli Tempus layihəsinin rəhbəri Pərviz Bağırov, Avropa Birliyinin Tempus üzrə rəhbəri cənab Klaus Haupt iştirak edirdi. Bununla yanaşı, beynəlxalq konfransa ADU-nun tərəfdaşı olan Avropa universitetləri Fransa, İtaliya, Almaniya, Türkiyə və Böyük Britaniyanın bir sıra aparıcı universitetlərindən nümayəndələr, müxtəlif sahələr üzrə, o cümlədən dil və linqvistika üzrə elm adamları iştirak edib.
Konfransda açılış nitqi ilə çıxış edən Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov iştirakçıları salamlayaraq onları universitetdə görməkdən məmnun olduğunu bildirib. Rektor universitetin üç il bundan əvvəl Tempus proqramının sözügedən layihəsinə qoşulduğunu və bu layihədə uğur əldə edildiyini qeyd edib. O, məhz 2010-cu ildən Azərbaycan Dillər Universitetinin Tempus layihəsinin Azərbaycan tərəfdən idarəedicisinə (koordinatoruna) çevrildiyini və Azərbaycan təhsil sistemində məhz ADU-nun bu ilkə imza atdığını iştirakçıların nəzərinə çatdırıb. Rektor professor Səməd Seyidov bu layihənin ən əsas nəticəsinin Esseks, Leyspiq, Strasburq, Milan Tərcüməçilik İnstitutu və bir çox universitetlərlə yeni proqramları həyata keçirmək olduğunu vurğulayıb: "Təhsil nazir beynəlxalq əlaqələrə xüsusi ilə önəm verir və bu layihənin Azərbaycanda həyata keçirilməsində nazirliyin dəstəyi danılmazdır".
Ceyhun Bayramov Azərbaycanda yazılı və şifahi tərcümə sahəsində islahatlar mövzusunda konfransın keçirilməsini yüksək qiymətləndirib. O, son illər Tempus layihəsində iştirak edənlərin sayının artdığını, hazırda ADU ilə birgə 3 ali təhsil müəssisəsinin bu layihədə uğurla iştirak etdiyini bildirib. Ceyhun Bayramov yazılı və şifahi tərcümə mövzusunda aparılan islahatların uğurlu nəticələrinin ölkəmizdə təhsil sisteminin davamlı inkişafına kömək edəcəyini qeyd edib.
Sonra çıxış edən Avropa Birliyinin nümayəndəsi Frederik Bernard konfransda olmaqdan məmnun olduğunu bildirib. O, Tempus layihəsinin yekun konfransının Azərbaycanda keçirilməsini dəstəklədiyini bildirib və əməkdaşlıq nəticəsində yeni proqramların həyata keçəcəyinə əminliyini ifadə edib. F. Bernard layihədə iştirak edənləri aktiv olmağa çağırıb.
Daha sonra çıxış edən Avropa Birliyinin Tempus üzrə rəhbəri cənab Klaus Haupt Azərbaycanda ilk dəfə olduğunu qonaqların diqqətinə çatdırıb. O, "Azərbaycan təhsilinin müasirləşdirilməsi: Azərbaycana Tempus layihəsinin gətirdiyi dəyərlər" mövzusunda məruzəylə çıxış edərək proqramın inkişafı, məqsədləri, Tempusun Azərbaycanda keçirilməsi haqqında məlumat verib.
Xatırladaq ki, Azərbaycan Dillər Universiteti 2010-cu ildə Azərbaycanda ilk dıəfə olaraq Avropa Komissiyasının TEMPUS layihəsinin qrant sahibi və koordinatoru seçilib. Azərbaycanda tərcümə tədrisinin islahatlarına yönəlmiş bu layihə üç illik dövrü əhatə edir. Layihədə Avropa Komissiyasını təmsil edən Böyük Britaniyanın Esseks Universiteti, Almaniyanın Leyspiq Universiteti, Fransanın Strasburq Universiteti və İtaliyanın Milan Tərcüməçilik İnstitutu tərəfdaş kimi iştirak edir. Azərbaycan universitetləri arasında isə, Naxçıvan Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti və Bakı Müəllimləri Təkmilləşdirmə İnstitutu bu layihənin tərəfdaşıdır. Azərbaycan Respublikası Təhsil Nazirliyi də bu layihənin daimi tərəfdaşıdır və nazirliyin nümayəndələri üç il ərzində bu layihədə fəal iştirak edib. Layihə çərçivəsində ADU-da sinxron tərcümə magistr proqramı açılıb və bu proqram Fransanın Strasburq Universiteti ilə ADU arasında birgə diplom layihəsi kimi həyata keçirilir. Layihənin tərəfdaşları olan Azərbaycan universitetlərində isə, yeni məzmunda bakalavr tərcümə proqramlarının əsası qoyulub.
Qeyd edək ki, konfrans sentyabrın 27-də Bakı Müəllimləri Təkmilləşdirmə İnstitutunda başa çatacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB