Səməd Seyidov Avropa universitetlərinin nümayəndələri ilə görüşüb
Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov 25-27 sentyabrda ADU-nun koordinatorluğu ilə Avropa Birliyinin Tempus proqramı Tempus Ritsa layihəsinin "Tempus Azərbaycanda yazılı və şifahi tərcümə tədqiqatlarında islahatlar" mövzusunda keçiriləcək beynəlxalq konfransda iştirak edəcək müxtəlif Avropa universitetlərinin ( İtaliya, Fransa, Böyük Britaniya, Türkiyə, Almaniya) nümayəndələrini qəbul edib. ADU-dan SİA-ya verilən məlumata görə, qonaqları salamlayan rektor Səməd Seyidov onlara universitet haqqında məlumat verib və ADU-da 6000-dən çox tələbənin təhsil aldığını qonaqların diqqətinə çatdırıb. Bolonya prosesi haqqında danışan rektor, professor Səməd Seyidov ADU-nun Bolonya prosesinə qoşulan ilk dövlət ali təhsil müəssisəsi olduğunu bildirib. Rektor Avropaya inteqrasiyanın universitet üçün prioritet məsələ olduğunu vurğulayıb. Universitetin gələcək planlarından söz açan rektor ADU-da 16 dilin, o cümlədən ənənəvi tədris olunan dillərlə yanaşı, Çin, İndoneziya, Malay, Hind, Koreya, Yapon və bir çox digər dillərin tədris olunduğunu bildirib. O, Şərq və Qərb əməkdaşlığının universitet üçün böyük imkanlar açdığını deyib. Rektor Səməd Seyidov Tempus layihəsinin universitet üçün vacib olduğunu qeyd edib. O, bu layihənin Azərbaycan Dillər Universitetinin tarixində artıq böyük bir təcrübə olduğunu deyib və yeni layihələrin başlanğıcının qoyulacağını sözlərinə əlavə edib. Rektor Səməd Seyidov belə layihələrin gələcək əməkdaşlıq üçün səmərəli olacağını vurğulayıb.
Xatırladaq ki, 25-27 sentyabrda Azərbaycan Dillər Universitetində ADU-nun koordinatorluğu ilə Tempus Ritsa layihəsinin yekun konfransı keçiriləcək. Açılış və plenar iclas 25 sentyabrda ADU-da təşkil olunacaq. Konfransda Strasburq, Leyspiq, Haccettepe, Milan Tərcüməçilik İnstitutunun nümayəndələri iştirak edəcək.
Qeyd edək ki, konfransda eyni zamanda, Avropa Komissiyasının Tempus Strukturunun rəhbəri cənab Klaus Haupt da iştirak edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB