Səməd Seyidovun növbəti “Psixologiya şeirlərdə və....” adlı kitabı işıq üzü görüb

Səməd Seyidovun növbəti “Psixologiya şeirlərdə və....” adlı kitabı işıq üzü görüb

ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidovun növbəti "Психология в стихах и…"(Psixologiya şeirlərdə və...) adlı kitabı işıq üzü görüb. ADU-dan SİA-ya verilən məlumata görə, min tirajla "Qanun Nəşriyyatı" nəşriyyat evində səhifələnmiş və dərc olunmuş şeirlər kitabının redaktoru Bela Zakirovadır. Rus dilində yazılmış kitab 84 səhifədən ibarətdir. Kitabda "Ода творчеству" ("Yaradıcılıq qəsidəsi"), "Личность" ("Şəxsiyyət"), "Кто разделил мой мир прекрасный?" ("Mənim möhtəşəm dünyamı paylaşan kimdir?"), "Так прав ли был философ Шпенглер?" ("Filosof Şenqler haqlı idimi?"), "Душа и слово" ("Könül və kəlmə"), "Добро и зло" ("Xeyir və şər"), "Как просто" ("Çox sadəcə"), "Как только солнца луч" ("Günəş şölə saçan kimi"), "Доверие" ("Etimad"), "Воронье" ("Yırtıcılar"), "Мое лекарство" ("Mənim əlacım"), "Как ветер" ("Yel kimi"), "Любимая, как ты прекрасна!" ("Necə lətafətlisən, sevgili canan"), "Опомнись, божье создание" ("Aç gözlərini, ilahi məxluq") başlıqları altında psixoloji-fəlsəfi şeirlər öz əksini tapıb.

Kitab 2010-cu ildə nəşr olunmuş "Yaradıcılığın fenomenologiyası" adlı kitabının yenidən işlənmiş versiyasıdır, lakin hazırki nəşrdə fikirlər şeir formasında ifadə olunub. Müəllif bu haqda bildirir ki, 2010-cu ildə "Yaradıcılığın fenomenologiyası" adlı kitabı nəşr olunub.

Müəllif və kitab haqqında müqəddimə olaraq ADU-nun Azərbaycan tarixi, fəlsəfə və sosial-siyasi elmlər kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Adilə Abdiyeva fikirlərini bildirib: "Səməd Seyidovun poeziyası hər yöndən nadir hadisədir, belə ki, onun fenomenologiyasında ahəngdarlıq yunan fəlsəfəsi və psixoanalitik nəzəriyyənin dərin mənası ilə yığcamlıq təşkil edir. Bu məcmuədə insanlığın və ayrılıqda hər birimizin ömür yollarına həsr olunmuş ən mürəkkəb suallar şeirlərlə ifadə olunub".

Qeyd edək ki, 2000-ci ildən Azərbaycan Dillər Universitetinin rektoru vəzifəsinə təyin edilmiş Səməd Seyidov elə həmin ildə də Azərbaycan Respublikasının Milli Məclisinə millət vəkili seçilib. Azərbaycan Respublikasının Milli Məclisdə Beynəlxalq Münasibətlər və Parlamentlərarası əlaqələr komitəsinin sədri, eyni zamanda Azərbaycanın AŞPA-dakı (Avropa Şurasının Parlament Assambleyası) nümayəndə heyətinin rəhbəridir. O, 100-dən çox elmi məqalələrin, dərs vəsaitlərinin və monoqrafiyaların müəllifidir. 2009-cu ildə S.Î.Seyidovun diplomatik xidmətləri Xarici İşlər Nazirliyi tərəfindən yüksək qiymətləndirilərək "Azərbaycan Respublikasının Diplomatik xidmət orqanlarının 90 illiyi" yubiley medalı ilə təltif edilib. 27 oktyabr 2011-ci ildə Səməd Seyidov Fransanın üçüncü dərəcəli Şərəf Leqionu ordeni ilə mükafatlandırılıb. O, Latviyanın Elmlər Akademiyasının Beynəlxalq Elmlər Şurasının üzvü seçilib, Gürcüstan Respublikasının "Elmlər Akademiyasının Akademiki" fəxri adına layiq görülüb, Amerika Psixoloqlar Assosiasiya üzvü təyin olunub.

Xatırladaq ki, adı çəkilən "Yaradıcılığın fenomenologiyası" adlı kitab məşhur "amazon.com" saytında 2013-cü ildə 100 ən çox oxunan dünya bestsellerləri siyahısına düşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə