2013-cü ilin iyunun 13-dən avqustun 7-dək Önəmli Dil Təqaüdü (ÖDT) proqramı çərçivəsində Azərbaycan Dillər Universitetində Azərbaycan dilinin tədrisi üzrə kurs keçən Cek Anderson Azərbaycanda keçirdiyi günlərini, o cümlədən bu müddətdə bir çox akademik və mədəni fəaliyyətlərini əks etdirən təəssüratlarını öz ölkəsinin mətbu orqanında bölüşüb. ADU-dan SİA-ya verilən məlumata görə, "Vaşinqton və Li Universitetinin tələbələri bu ilin yayında Azərbaycan dilini öyrəndilər"-sərlövhəli yazı http://readme.readmedia.com/W-L-Student-Learns-Azerbaijani-This-Past-Summer/7274141 saytda öz əksini tapıb.
Yazıda qeyd olunur ki, Cek Anderson Nyu Yorkun Babilon şəhərində yaşayır. O Vaşinqton və Li Universitetinin ikinci kurs tələbəsidir. ABŞ Dövlət Departamentinin Önəmli Dil Təqaüdü proqramına qəbul olmuş və Azərbaycanın paytaxtı Bakı şəhərində yerləşən Azərbaycan Dillər Universitetində təhsil almış 7 ÖDT tələbələrindən biridir.
Mənbə yazır ki, Cek Anderson Azərbaycanda ADU-nun 2 aylıq intensiv tədris müddətində bacarıqlı müəllimləri – Səbinə Əliyeva və Fialə Abdullayevanın böyük səyləri nəticəsində Azərbaycan təhsil sistemi haqqında ətraflı biliyə yiyələnib.
Həmçinin, qeyd olunur ki, türk dili ilə sıx bağlılığı olan Azərbaycan dili Azərbaycanın rəsmi dövlət dilidir. İran və Rusiya da daxil olmaqla, başqa ölkələrdə yaşayan milyonlarla azərbaycanlılar da bu dildə danışır.
Cek Anderson "ÖDT proqramı ABŞ-ın Önəmli Xarici Dilin öyrənilməsi və mənimsənilməsində amerikalı tələbələrin sayının kəskin artması istiqamətində göstərilən səylərin bir hissəsidir. İştirakçıların təqaüd proqramı müddətində öz dil biliklərini davam etdirmək və daha sonra öz dil bacarıqlarını gələcək peşəkar karyeralarında tətbiq etmək şansları yaranır"-deyə bildirib.
Keçmiş Sovet Respublikası olan Azərbaycanın Qafqazda regional liderliyi əldə etdiyini və Avropaya əhəmiyyətli enerji ixracı edən ölkə olduğunu vurğulayan C. Anderson bildirib: "Qafqaz regionu məni özünün nadir geosiyasi şəraiti ilə heyran etdi. Ümid edirəm ki, Azərbaycan dilini mənimsəməyim mənim üçün Qafqaz regionunda yenidən təhsil almaq imkanı yaradacaq".
C. Anderson Azərbaycanın mətbəxində dadlı meyvələr, çörəklər və xəmir yeməklərinin ləzzətindən zövq aldığını söyləyib. Qeyd edək ki, C. Anderson digər tələbələrin də Azərbaycan mədəniyyətinin, xüsusilə zəngin mətbəxinin gözəlliklərinə qərq olduqlarını vurğulayıb: "Hərdən biz universitetin mətbəxinə keçib Azərbaycan milli yeməkləri – plov, qutab və şəkərburanın bişirilmə üsulları ilə də tanış olurduq".
Cek Anderson sözlərinə əsasən yay ərzində həftənin beş günü ən azı 4 saat olmaqla dərslər aparılıb, tez-tez dərsdən əlavə məşğələlər keçirilib və ya mədəni ekskursiyalar təşkil olunub. Ölkənin bir çox muzeylərində, arxeoloji məkan olan Qobustanı ziyarət etdiklərini və "Şah İsmayıl" operasını izlədiklərini xatırladan C. Anderson çətin və mürəkkəb olan milli Azərbaycan rəqsləri ilə bağlı dərslərdə də iştirak etdiklərini bildirib.
O cümlədən, Azərbaycanın siyasəti, tarixi, dini və gender məsələləri haqqında azərbaycanlı professorların məruzələrini dinlədiyini deyən Cek Anderson ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidovun Azərbaycanın Qərblə inkişafda olan əlaqələrinin ölkə üçün önəmli tərəflərindən, Azərbaycanın xarici siyasətindən bəhs edən məruzəsini xüsusi vurğulayıb.
Müstəqil və ya qrup şəklində həftəsonu gəzintilərində gözəl və qədim şəhər Gəncə, Şəki və orta əsrlərdən qalma, Qafqaz dağları ilə əhatə olunmuş Lahıc kəndinə də səfər etdiklərini söyləyən Cek Anderson önəmli xarici dil öyrənmək istəyən digər tələbələrə də ÖDT proqramına qoşulmağı məsləhət görüb: "Mən, gələcəkdə dil biliklərini geniş şəkildə istifadə etməyi planlaşdıran tələbələrə ÖDT proqramını məsləhət görmək istərdim. ÖDT proqramında iştirak etmək ABŞ-ı xaricdə təqdim etmək və yeni dil öyrənmək üçün əla vasitədir. Ümid edirəm ki, mən gələn yay yenidən Bakıya qayıdacağam və öz dil biliklərini nümayiş etdirəcəyəm."
Xatırladaq ki, ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət işləri üzrə bürosunun ÖDT proqramı 13 önəmli xarici dili üzrə İntensiv Yay Dil İnstitutları təklif edir. ÖDT proqramı Morokkodan Yaponiyaya qədər uzanan bütün ərazilərin dillərini öyrənmək üçün şans yaradır. Seçim prosesi Beynəlxalq Təhsil Amerika Şurası tərəfindən təşkil edilmiş, ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət İşləri üzrə bürosu tərəfindən mükafatla təltif edilib. ÖDT proqramı Amerika Şurası və Ohio Dövlət Universiteti tərəfindən idarə edilib.
Qeyd edək ki, Vaşinqton və Li Universitetinin ikinci kurs tələbəsi Anderson keçən 3 ildə ÖDT proqramında təqaüd əldə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB