ADU rektoru tələbələrlə görüşdü FOTO

Səməd Seyidov: “Yeni tədris ili yeni həyatdır”
ADU rektoru tələbələrlə görüşdü FOTO

Bu gün Azərbaycan Dillər Universitetində (ADU) yeni tədris ilinin başlanması münasibətilə I kurs tələbələrinin iştirakı ilə tədbir keçirilib. SİA-ya verilən məlumata görə, ADU-nun akt zalında keçirilən tədbir Azərbaycanın Dövlət Himninin səslənməsi ilə başlayıb. ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov yeni tədris ili münasibətilə professor – müəllim heyətini, tələbələri təbrik edib. Rektor qeyd edib ki, yeni tədris ilinin başlanması əhəmiyyətli bir hadisədir: "Yeni tədris ili yeni həyatdır". Universitetin tarixindən danışan rektor bildirib ki, ali məktəbin tarixi 1948-ci ildən başlayır: "1948-ci ildə yaradılan ali məktəb, sonradan 1973-cü ildə Heydər Əliyevin birbaşa sərəncamı ilə müstəqil institut kimi fəaliyyət başlayıb". Rektor Səməd Seyidov bildirib ki, 2000-ci ildə isə məhz Ümummilli lider Heydər Əliyevin sərəncamı ilə institut universitet statusu aldı və profili genişləndirilib. ADU rəhbəri ən yüksək səviyyəli professor-müəllim heyətinin də ADU-da çalışdığını bildirib. ADU tələbələrinin Azərbaycanın bayrağını daim uca tutduğunu, bundan sonra da bu istiqamətdə fəaliyyət göstərəcəklərini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Rektor Səməd Seyidov qeyd edib ki, universitetin əsas fəaliyyəti Azərbaycanı dünyaya, dünyanı isə Azərbaycana gətirməkdir: "Gəncliyimiz daha ağıllı, daha mübariz və daha qüdrətlidir. ADU-nu seçməklə siz düzgün yolda olduğunuzu sübut etmisiniz".

ADU rəhbəri bildirib ki, hər bir ali məktəb öz tələbələri ilə fəxr etməlidir: "Biz də öz tələbələrimizlə fəxr edirik ki, onlar bizim etimadımızı doğruldur, universitetin nüfuzunu daha da artırırlar".

Rektor bildirib ki, ADU-da dil tədris olunmaqla yanaşı, həmin ölkələrin mədəniyyət mərkəzləri də fəaliyyət göstərir ki, bu da tələbələrin dil vərdişlərinə daha da dərindən yiyələnməsinə xidmət edir.

Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təhsilə, gəncliyə, xüsusi qayğının olmasından danışan rektor Səməd Seyidov məhz bu qayğının nəticəsində də ADU-da vacib islahatların aparıldığını dilə gətirib. Bolonya prosesi haqqında da danışan rektor bir çox tələbələrin öz təhsillərini xarici ölkələrin ali təhsil müəssisələrində davam etdirdiklərini nəzərə çatdırıb. Hər bir tələbənin öz qarşısına məqsəd qoymasının vacibliyindən danışan rektor bununla yanaşı, əsl vətəndaş olmağın vacibliyini vurğulayıb: "Sizdən bir məsələ tələb olunur: oxumaq, təhsil almaq və öz vətəndaş mövqeyinizi ortaya qoymaq".

Rəhbərlik etdiyi ali təhsil ocağında fəaliyyət göstərən fakültə və mərkəzlər haqqında məlumat verən rektor Cənubi Qafqazda ən böyük İnformasiya Resurs Kompleksinin ADU-da fəaliyyət göstərdiyini və kompleksdə tələbələrin təhsili üçün bütün şəraitin yaradıldığını bildirib.

Səməd Seyidov vurğulayıb ki, Azərbaycanda ali təhsil müəssisələri arasında ilk dəfə olaraq ADU-da "Açıq kitabxana açılıb: "ADU-da "Açıq kitabxana"nın açılması da universitetin uğurlarından xəbər verir".

ADU-da aparılan islahatlardan söz açan rektor universitetin təmir olunduğunu və avadanlıqların yeniləndiyini də tələbələrin diqqətinə çatdırıb. O, ADU-nun daha bir ilkə imza atdığını qeyd edib:"ADU-da müasir texnologiyalar vasitəsilə bütün imkanlar yaradılıb. Yeganə ali məktəbdir ki, tələbələr tərəfindən hazırlanan tələbə saytı var".

Sonra rektor Səməd Seyidov prorektorları, dekanları və kafedra müdirlərini tələbələrə təqdim edib.

Pedaqoji fakültəyə 687 balla qəbul olan Fatma İsmayılova çıxış edərək ADU-nu seçdiyindən məmnun olduğunu bildirib və daim öz üzərində çalışacağını söyləyib. 673 balla Tərcümə fakültəsinin tələbəsi adını qazanan Nübar Baydarovanın valideyni çıxış edərək universitetdə yaradılan şəraitdən razılığını ifadə edib və övladının ADU-da təhsil almasından fəxr etdiyini deyib.

Tədbir ADU-nun himninin səslənməsi ilə başa çatıb.

Sonra ADU-nun rektoru Səməd Seyidov auditoriyaları gəzərək I kurs tələbələrinin dərs prosesini izləyib və onlara bir daha uğurlar arzulayıb.

Qeyd edək ki, 2013/2104-cü tədris ilində ADU-ya qəbul planı 1637 nəfər təşkil edib ki, bunun da 1463 nəfəri bakalavr, 174 nəfəri isə magistrdir.

Bütün xəbərlər Facebook səhifəmizdə