7 saylı məktəb “Bilik günü”nü qeyd edib

7 saylı məktəb “Bilik günü”nü qeyd edib

"Bilik günü" ənənəvi olaraq Səbail rayonunda yerləşən bütün orta təhsil müəssisələrində təntənəli şəkildə qeyd olunur. Yeni dərs ili ərəfəsində məktəblərdə böyük hazırlıq işləri aparılıb. SİA-nın məlumatına görə, Səbail rayonunda yerləşən Məmməd Rahim adına 7 saylı tam orta məktəb də "Bilik günü"nü qeyd edib.

Tədbirdə çıxış edən məktəbin direktoru Gülnaz Mehdizadə burada aparılan təmir-abadlıq işləri barədə məlumat verib və bildirib ki, ötən il məktəbin 3 məzunu "Qızıl medal"a layiq görülüb: "Bu il məktəbi bitirən məzunlardan 30 nəfəri müxtəlif ali məktəblərə, o cümlədən 4-ü xarici ölkələrin ali təhsil müəssisələrinə daxil olublar. Məzunlardan 3 nəfəri qəbul imtahanlarında 600-dən çox bal toplayıb. Məktəb bir sıra layihələrin, o cümlədən Elektron məktəb, İngilis dilinin intensiv tədrisi, 61 ölkəni birləşdirən Beynəlxalq İnnovativ məktəb və s. layihələrin iştirakçısıdır".

Gülnaz Mehdizadə böyük ənənələri olan məktəbdə təhsilə yaradılan şərait üçün ölkə başçısı İlham Əliyevə dərin minnətdarlığını bildirib.

Yeni dərs ilinin başlanmasına həsr olunan tədbirdə iştirak edən Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov əsaslı təmirdən sonra istifadəyə verilən məktəblərin kollektivlərini təbrik edib, onlara təhsildə uğurlar arzulayıb.

Asif Əsgərov həmçinin ölkədə təhsil məsələləri ilə bağlı görülən işlərdən, Prezident İlham Əliyev və ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, Millət vəkili Mehriban xanım Əliyeva tərəfindən təhsilə olan diqqət və qayğıdan danışaraq bildirib ki, rayonda təhsilin səviyyəsi və təhsil müəssisələrinin vəziyyətinə ciddi fikir verilir: "Yay aylarında təhsil müəssisələrində əsaslı və cari təmirlər aparılıb, məktəblər lazımi avadanlıq və vəsaitlərlə təmin olunublar".

Tədbirin davamında icra başçısı yeni təmir olunan məktəb binası ilə tanış olub.

Qeyd edək ki, Dövlət Proqramına uyğun olaraq bu il şəhərin mərkəzindəki 1928-ci ildə rus-tatar məktəbi kimi fəaliyyətə başlayan, hazırda 980 şagirdin təhsil aldığı Məmməd Rahim adına 7 saylı tam orta məktəbin əsas binasının əsaslı təmirinə başlanıb. Məktəbin dam örtüyü tam şəkildə yenidən qurularaq yeni müasir dəmir örtük vurulub. Məktəbin binası aqlay daşla üzlənib, bu zaman onun memarlıq üslubu saxlanılıb. Məktəbin binasının gecə işıqlandırılması sistemi qurulub. 4 mərtəbəsi olan məktəbdə 27 sinif, 2 kompüter otağı, 3 laboratoriya, yardımçı otaqlar, bufet, sanitariya qovşaqları əsaslı təmir olunub. Bütün qapı və pəncərələr yenilənib, pilləkənlərə mərmər vurulub, gözəl, bəzəkli naxışları olan tutacaqlar qurulub, foyeyə qranit döşənib. Məktəbin kommunikasiya xətləri, istilik sistemi tam yenilənib. Məktəb binası yeni mebel, avadanlıq, dərs ləvazimatları ilə tam təmin olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə