Təhsil naziri Mikayıl Cabbarov 2013-2014-cü tədris ilində xarici ölkələrin ali təhsil müəssisələrində "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində təhsil almaq üçün Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən barələrində müsbət qərar verilmiş növbəti bir qrup tələbə ilə görüşüb. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüş zamanı nazir tələbələri təbrik edərək bildirib ki, azərbaycanlı gənclərin xaricdə təhsil almağa göndərilməsi ənənəsinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Xaricdə təhsil alan gənclərə xüsusi diqqət göstərildiyini vurğulayan nazir hazırda bu ənənənin dövlət başçısının rəhbərliyi ilə uğurla davam etdirildiyini vurğulayıb. Nazir Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alacaq tələbələrin Azərbaycanı layiqincə təmsil edəcəklərinə və qayıtdıqdan sonra yüksək səviyyəli mütəxəssis kimi respublikamızın inkişafı prosesinə fayda verəcəklərinə ümidvar olduğunu bildirib.
Daha sonra Nazirliyin əməkdaşları tərəfindən görüşdə iştirak edən tələbələrə təhsil alacaqları ölkə və ali məktəblərlə bağlı zəruri məlumatlar verilib.
Qeyd edək ki, bu günə qədər Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən Dövlət Proqramı çərçivəsində 2013-2014-cü tədris ilində xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq üçün sənəd vermiş namizədlərdən 231-i barəsində müsbət qərar qəbul olunub. Digər namizədlər barəsində müvafiq qərar qəbul olunduğu zaman bu haqda ictimaiyyətə əlavə məlumat veriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB