Musa Qasımlı: "Azərbaycanda təhsilin keyfiyyəti yaxşılaşdırılmalıdır"

"Azərbaycanın ali təhsil müəssisələri xeyli dərəcədə inkişaf etdirilməli, təhsilin keyfiyyəti yaxşılaşdırılmalıdır". SİA-ya açıqlamsında millət vəkili, Milli Məclisin Elm və Təhsil komitəsinin üzvü Musa Qasımlı ölkə rəhbəri İlham Əliyevin Bərdədə məcburi köçkün ailəsi ilə görüşü zamanı söylədiyi fikirlərə münasibət bildirərkən deyib.

Millət vəkili deyib ki, azərbaycanlı gənclərin ilk ali təhsilini məhz Azərbaycanda almaları daha məqsədəuyğundur: "Daha sonra gənclər magistratura və doktorluq disertasiyalarını xarici ölkələrin universitetlərində və ya elm mərkəzlərində müdafiə edə bilərlər. Əlbətdə, imkanlı şəxslərin övladlarının xarici ölkələrdə təhsil almalarını qadağan etmək olmaz. Lakin düşünürəm ki, bizim ali təhsil müəssisələrimizdə təhsildə güzəştə qətiyyən yol verilməməli və Azərbaycanda təhsil alan hər bir gənc xarici ölkələrin təhsil müəssisələrini bitirən şəxslərlə bilik rəqabəti aparmaq səviyyəsində olmalıdır. Mən orta məktəbi bitirən gənclərin erkən yaşlarda xarici ölkələrin təhsil müəssislərində təhsil almalarının əleyhinə deyiləm. Lakin bir sıra qonşu ölkələrin təcrübəsi göstərir ki, həmin ölkələr bunun acı nəticələrini çəkiblər".

Qeyd edək ki, Prezident İlham Əliyev sentyabrın 10-da Bərdədə 866 məcburi köçkün ailəsi üçün yeni salınan beşmərtəbəli 15 yaşayış binasından ibarət məhəllə ilə tanış olan zaman Ağdam rayonundan olan məcburi köçkün, şəhid ailəsi Səfurə Hüseynovanın mənzilində çay süfrəsi ətrafında ailə üzvləri ilə söhbət edib. Dövlət başçısı söhbəti zamanı bildirib ki, Azərbaycanda təhsilin səviyyəsi elə yüksək olmalıdır ki, heç kim daha xaricə getməsin, buna ehtiyac olmasın: "Tədricən biz bu məqsədlərə də çatırıq. Xaricdə oxumağın müsbət tərəfləri kimi, mənfi tərəfləri də vardır. Uşaqlar Vətəndən, ailələrindən ayrılırlar, başqa mühitdə yaşayırlar. Biz isə çalışmalıyıq ki, təhsilin səviyyəsi elə yüksək olsun ki, bu uşaqlar, tələbələr Azərbaycanda oxusunlar, necə deyərlər, öz milli köklərindən ayrılmasınlar, milli ruhda böyüsünlər, tərbiyə alsınlar".

Bütün xəbərlər Facebook səhifəmizdə