BŞTİ birinci siniflərin təhsil proqramını mənimsəməsindən narazıdır

BŞTİ birinci siniflərin təhsil proqramını mənimsəməsindən narazıdır

"Cari ildə Bakı şəhərində uşaqların məktəbəqədər təhsil müəssisələrinə cəlb olunma faktları 25%-dir". SİA-nın xəbərinə görə, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir əvəzi Məhəmməd Bayramov Bakı şəhər təhsil işçilərinin ənənəvi sentyabr konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu sahədə faiz göstəricisinin aşağı olması yeni kurikulum əsasında keçirilən tədrisin birinci sinif şagirdləri tərəfindən mənimsənilməsində böyük çətinliklər yaradır: "Bakıda məktəbəqədər təhsil müəssisələrinə cəlb olunan 25% uşaqlar 3 yaşlı, 4 yaşlı, 5 yaşlılardır. Məktəbəqədər təhsil müəssisələrinə gedən 5 yaşlı uşaqlar isə ayrılıqda paytaxt azyaşlılarının 10%-ni təşkil edir. Nəticədə isə sözügedən müəssisələrdə təhsil almayan azyaşlıların birinci sinfin tədris proqramını tam şəkildə öyrənməsində çətinliklər yaranır. Bağçaların isə maddi bazası imkan vermir ki, onların nəzdində məktəbəqədər təhsil müəssisələri fəaliyyət göstərsin. Hesab edirəm ki, məsələnin həlli üçün məktəblərdə məktəbəqədər hazırlıq qrupları fəaliyyətə başlamalıdır".

Məhəmməd Bayramov məktəblərdə psixoloq və sosioloq ştatlarının çatışmazlığı barədə də məlumat verib. Onun sözlərinə görə, hazırda paytaxt məktəblərində psixoloji və sosialoji xidmətlərə böyük ehtiyac var: "Bütün məktəblərdə yalnız bir psixoloq ştatı var. Lakin elə məktəb var ki, orda 200-300 şagird, elə məktəb də var ki, 2000-3000 şagird təhsil alır. Hesab edirəm ki, məktəblərdə şagird sayı artdıqca psixoloq və sosioloq ştatlarının sayı da artmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə