Daxili İşlər Orqanlarında vakant vəzifələrə qəbul imtahanı keçirilir

Daxili İşlər Orqanlarında vakant vəzifələrə qəbul imtahanı keçirilir

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gün Daxili İşlər Orqanlarında vakant vəzifələrə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçirir. Komissiyanın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, müsabiqədə iştirak etmək üçün 80 nəfərin namizədliyi qeydə alınıb. Onların hamısı hüquq istiqaməti üzrə sənəd verib.

Namizədlərə test imtahanında iştirak etmək üçün "İmtahana buraxılış vəsiqəsi" və "Yaddaş kitabçası" 2013-cü il sentyabrın 5-dən etibarən təqdim olunub. İmtahanda namizədlərə 100 sualdan ibarət test kitabçası təqdim olunacaq. Suallardan 80 sual qanunvericilik, 20 sual məntiqi nəticə çıxarma qabiliyyətini müəyyən edən sahə üzrə olacaq.

Sualları cavablandırmaq üçün namizədlərə 3 saat vaxt verilir. Hər düzgün cavab 1 balla qiymətləndirilir.

Test imtahanında 65 və daha çox bal toplayan namizədlər müsabiqənin yekun mərhələsinə - müsahibəyə buraxılırlar.

Qeyd edək ki, sənəd qəbulu haqqında elan, "Müsabiqənin keçirilməsi Qaydaları", test imtahanının proqramı və fiziki hazırlıq səviyyəsinin minimal normativləri "Mübariz Keşikdə" qəzetində, həmçinin digər Kütləvi İnformasiya Vasitələrində, ölkənin bir sıra şəhər və rayonlarının mətbu orqanlarında dərc olunub, DİN-in rəsmi internet saytında yerləşdirilib.

Sənədlərin qəbulu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə