Bu gün rezidenturaya qəbul imtahanı keçiriləcək

Bu gün rezidenturaya qəbul imtahanı keçiriləcək

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gün 2013/2014-cü tədris ili üçün Azərbaycan Respublikasında baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidentura səviyyəsinə qəbul imtahanı keçirəcək. Komissiyadan SİA-ya daxil olan məlumata görə, imtahan Bakı şəhərində 2 binada Azərbaycan Tibb Universitetinin I və V tədris binalarında, eləcə də Naxçıvan şəhərində 1 binada keçiriləcək. Bakı şəhərində 1281 namizədin, Naxçıvan şəhərində isə 16 namizədin imtahan verəcəyi nəzərdə tutulur. İmtahanların idarə olunması üçün 22 imtahan rəhbəri, 143 zal nəzarətçisi ayrılıb.

Qeyd edək ki, imtahanda iştirak etmək üçün ərizə qəbulu internet vasitəsilə 2013-cü il avqustun 18-dən 23-dək aparılıb və 1297 nəfər elektron ərizə doldurub təsdiq etdirib. Onlardan 942 nəfəri qız, 355 nəfəri isə oğlanlardır. Qəbul imtahanları test üsulu ilə iki mərhələdə keçirilir. Birinci mərhələdə namizədlərin baza ali tibb təhsili istiqamətinə müvafiq olan qəbul proqramı əsasında baza fənləri üzrə bilikləri, ikinci mərhələdə isə ixtisas fənləri üzrə bilikləri yoxlanılacaq.

Məlumat üçün bildirək ki, rezidenturada qəbul aparılacaq plan yerlərinin sayı 528-dir.

Bütün xəbərlər Facebook səhifəmizdə