TQDK-nın inzibati binasının açılışı olub FOTO

TQDK-nın inzibati binasının açılışı olub FOTO

Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) Ağcabədi şəhərində yerləşən regional bölməsinin inzibati binasının açılışı olub. Komissiyanın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tədbirdən əvvəl TQDK sədri Məleykə Abbaszadə şəhərin mərkəzi meydanında ucaldılmış Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri qoyub. Açılış mərasimində TQDK sədri, Komissiyanın əməkdaşları, Ağcabədi şəhər İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, rayon ictimayyətinin və Kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Ağcabədi İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov TQDK-nın rəhbərliyini, regional bölmənin əməkdaşlarını, bölgə ictimayyətini yeni binanın istifadəyə verilməsi münasibətilə təbrik edib, onlara gələcək işlərində uğurlar arzulayıb. Daha sonra TQDK sədri Məleykə Abbaszadə çıxış edərək mərasim iştirakçılarını, kollektivi təbrik edib.

Binanın istifadəyə verilməsini bildirən lent kəsildikdən sonra qonaqlar burada yaradılan şəraitlə tanış olublar. Binada bölmənin fəaliyyətinin səmərəli təşkili üçün müasir standartlara cavab verən şərait yaradılıb, otaqlar lazımi inventarlar, texniki, texnoloji və metodiki vastələrlə təchiz olunub.

TQDK sədri konfrans zalında tədbirdə iştirak edən Ağcabədi və ətraf rayonların pedaqoji ictimaiyyətinin nümayəndələri ilə görüşüb. M. Abbaszadə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə 2012-ci ildə Komissiyanın yeni 3 regonal bölməsinin yaradıldığını xatırladaraq, bununla TQDK-nın regional bölmələrinin sayının 8-ə çatdığını bildirib: "Cari ildə bütün ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları həmin regional bölmələrin yerləşdiyi şəhərlərdə, o cümlədən Ağcabədidə keçirilib. Bununla, regionlarda yaşayan abituriyentlər daha yaxın mərkəzlərdə imtahan verməklə maddi resurslarına, vaxtlarına və enerjilərinə qənaət ediblər. Abituriyentlər üçün bu amil psixoloji baxımdan da müsbət əhəmiyyət daşıyıb".

Komissiya sədri bu zonada yaşayan və fəaliyyət göstərən müəllimlərin, ekspertlərin, ümumilikdə pedaqoji ictimaiyyətin qəbul imtahanlarına dair materialların hazırlanmasında, qəbul proqramlarının müzakirələrində, dərsliklərin monitorinqi və digər elmi-metodiki proseslərdə daha fəal iştirakını arzu etdiyini bildirib və onları regional bölmə ilə daha sıx əməkdaşlığa dəvət edib.

Komissiya tərəfindən təşkil edilən elmi-metodiki seminarların paralel olaraq regional bölmələrdə də aparıldığını və Komissiyanın mərkəzi binası ilə videobağlantı əsasında müzakirələr təşkil olunduğu vurğulanıb. Bu prosesdə də region müəllimlərinin iştrakının vacib olduğu qeyd olunub.

Tədbirin sonunda TQDK sədri görüş iştirakçılarını maraqlandıran sualları cavablandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə