ADU Dağıstan Dövlət Pedaqoji Universiteti ilə əməkdaşlıq müqaviləsi imzalayıb

ADU Dağıstan Dövlət Pedaqoji Universiteti ilə əməkdaşlıq müqaviləsi imzalayıb

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov Rusiya Federasiyasının Dağıstan Dövlət Pedaqoji Universitetinin rektoru Maqomed Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. ADU-nun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, rektor Səməd Seyidov qonaqlara rəhbərlik etdiyi ali təhsil ocağı haqda məlumat verib. Səməd Seyidov ADU- nun Azərbaycanda təhsil sahəsində islahatlar aparan və öndə gedən ali təhsil ocağı olduğunu və günü-gündən inkişaf etdiyini deyib. O, bu inkişafın bütün təhsil sisteminin içərisində gedən islahatların tərkib hissəsi olduğunu bildirib. Azərbaycan Dillər Universitetinin beynəlxalq əlaqələrindən söz açan rektor Səməd Seyidov həmçinin ADU-nun Rusiya ali təhsil müəssisələri ilə əlaqələrinin uğurla qurulduğunu nəzərə çatdırıb. Rektor Səməd Seyidov bildirib ki, universitet olaraq bu əlaqələrin faydalı əməkdaşlıq zəminində inkişafı təqdirəlayiqdir.

Rusiya Federasiyasının Dağıstan Dövlət Pedaqoji Universitetinin rektoru Maqomed Abdullayev təmsil etdiyi ali təhsil müəssisəsi haqda məlumat verib. Rektor Maqomed Abdullayev Dağıstan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələrindən də bəhs edib. O, bildirib ki, rəhbəri olduğu ali təhsil ocağının ADU ilə əlaqələrinin qurulmasında və qarşılıqlı əməkdaşlığın yaradılmasında maraqlıdırlar.

Universitetlərarası əlaqələrin inkişafına dair fikir mübadiləsi aparılan görüşdə gələcəkdə müəllim-tələbə mübadiləsinin mümkünlüyü, qarşılıqlı konfrans və seminarların təşkili, birgə layihələrin həyata keçirilməsi istiqamətində əlaqələrin qurulması razılaşdırılıb.

Sonra Azərbaycan Dillər Universiteti və Rusiya Federasiyasının Dağıstan Dövlət Pedaqoji Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

İmzalanma mərasimindən sonra ADU-nun rektoru, professor Səməd Seyidov qonaqları ADU-nun müxtəlif mərkəzləri, o cümlədən İnformasiya Resurs Kompleksi ilə yaxından tanış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə