Astara rayonunda ali məktəblərə yüksək bal toplamış tələbələrlə görüş keçirilib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, tədbiri rayon təhsil şöbəsinin müdiri Qızbəs Məmmədova açaraq təhsil göstəriciləri barədə məlumat verib.
Rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev tələbə adını qazanmış gəncləri, onların valideynləri və müəllimlərini təbrik edərək qeyd edib ki, rayonda ali məktəblərə daxil olan gənclərin sıralarının ildən-ilə artması elmə, biliyə olan marağın artması deməkdir. Respublikamızda təhsilə və onun inkişafına hələ Ulu Öndərimiz Heydər Əliyevin rəhbərliyi dövründə xüsusi diqqət yetirilib. O, təhsili millətin gələcəyi adlandırıb. Bu ənənə ölkə prezidenti cənab İlham Əliyevin fəaliyyəti ilə müvəffəqiyyətlə davam etdirilir. Ölkə rəhbəri tərəfindən təhsilin inkişafı üçün mühüm tədbirlər həyata keçirilib, təhsil islahatlarının, təhsil haqqında qanunun və təhsilin inkişafı ilə əlaqədar Dövlət Proqramlarının hazırlanması və yerinə yetirilməsi daim diqqətdə saxlanılır. Bütün respublikada olduğu kimi Astarada da təhsilin inkişafı ilə bağlı görülən işlər göz qabağındadır. Son illər rayonda 37 məktəb binası yeni tikilib və ya əsaslı təmir olunub. Yeni dərs ilində daha 6 məktəb binası istifadəyə veriləcəkdir.
Bu diqqətin nəticəsidir ki, rayonda təhsilin inkişafında uğurlu nəticələr qazanılır. Bu il rayonun orta məktəblərini bitirən məzunlardan 172 nəfər tələbə adını qazanıb ki, bunlardan 20 nəfəri 500-dən, 6 nəfər 600-dən yuxarı bal toplayaraq ali məktəblərə daxil olublar. Bu çox yüksək nailiyyətdir. İcra başçısı qazanılan uğur münasibətilə gəncləri, onların müəllimlərini təbrik edib, tələbələrə bacarıqlı gənc kadr kimi müstəqil Azərbaycanımızın inkişafı, tərəqqisi naminə görülən işlərdə müvəffəqiyyətlər diləyib
Rayonun ümumtəhsil məktəblərinin direktorları, tələbə adını qazanmış gənclər və valideynlərin iştirak etdiyi tədbirdə Pensər kənd 2 saylı tam orta məktəbin direktoru Asif Əsədullayev, valideynlərdən Malik Əliyev, Mirzə Şükürov, Mübariz Teleyev çıxış edərək gənclərin təhsil alması üçün ölkəmizdə yaradılan yüksək şəraitdən razılıqlarını bildirərək ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevə və tələbələrlə görüşə görə İcra başçısı Q.Ağayevə minnətdarlıq ediblər.
Tələbə adını qazanmış Siyaku kənd tam orta məktəbin məzunu Rəmzi Hacızadə, Astara şəhər 2 saylı tam orta məktəbin məzunu Nərmin Mütəllimzadə dövlətin gənclərə bu cür diqqət və qayğısına mükəmməl təhsilləri və gələcəkdə yüksək vətəndaşlıq mövqeyi ilə cavab verəcəklərini söyləyiblər.
Yekunda ali məktəblərə qəbulda yüksək bal toplamış tələbələrə rayon İcra hakimiyyətinin başçısı tərəfindən hədiyyələr verilib, xatirə şəkli çəkilib.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB