Nüfuzlu “The Pıe News” portalı Azərbaycanın təhsil sistemindən yazdı

Nüfuzlu “The Pıe News” portalı Azərbaycanın təhsil sistemindən yazdı

Böyük Britaniyanın nüfuzlu "The Pıe News" beynəlxalq təhsil sahəsi üzrə peşəkarlar üçün xəbərlər və biznesin təhlili portalında ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə təsdiq olunmuş "2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində həyata keçirilmiş tədbirlər haqqında məqalə dərc edilib (http://thepienews.com/news/azerbaijan-scholarships-abroad-to-fill-skills-gaps-at-home/). SİA-nın xəbərinə görə, yazıda Dövlət Proqramının məqsədi, məzunların işlə təmin olunması mexanizmi, ölkənin ehtiyacına uyğun prioritet ixtisasların müəyyənləşdirlməsi, əhatə olunan ölkələrin coğrafiyası, indiyə qədər xaricə göndərilmiş tələbələr və digər məsələlərdən söhbət açılır.

Müəllif Azərbaycan hökuməti tərəfindən dəstəklənən Dövlət Proqramı çərçivəsində tələbələrin Avropa, Şimali Amerika, eləcə təhsil sistemi inkişaf etmiş digər ölkələrdə təhsil almaq üçün təqaüdə layiq görüldüyünü vurğulayıb. Qeyd olunub ki, Dövlət Neft Fondu tərəfindən maliyyələşən proqram çərçivəsində ölkənin mühəndislik, informatika, hüquq və ictimai səhiyyə sahəsində mutəxəssislərə olan ehtiyacını təmin etmək üçün tələbələr dünyanın ən yaxşı universitetlərində bu sahələr üzrə təhsilə cəlb edilir.

Proqrama marağın yüksək olmasını önə çəkən müəllif ölkə Prezidentinin təşəbbüsü ilə 2007-ci ildən fəaliyyətə başlamış xaricdə təhsil üzrə Dövlət Proqramının əsas məqsədinin azərbaycanlı tələbələrin ölkənin davamlı inkişafına töhfə verəcək yüksək ixtisaslı milli kadrlar kimi yetişdirilməsindən ibarət olduğunu bildirib. Məqalədə, həmçinin məzunlar qayıtdıqdan sonra onları işlə təmin etmək məqsədilə Təhsil Nazirliyinin planlaşdırdığı tədbirlər işıqlandırılır, işəgötürənlərlə məzunların arasında erkən və intensiv əlaqələrin yaradılmasına yardım etmək üçün atılacaq addımlardan söhbət açılıb. Bildirilib ki, ilk növbədə, məzunların işəgötürənlər üçün vacib bilik və bacarıqlara yiyələndiklərinə əmin olmaq lazımdır. Bu da, öz növbəsində, tərəflərin maraqlarının problemsiz üst-üstə düşməsinə səbəb olacaq.

Dövlət Proqramı üzrə müəyyənləşdirilmiş prioritet ixtisaslara gəlincə, qeyd olunub ki, xarici dil bilən, əsasən də İKT, beynəlxalq diplomatiya, hüquq, biznesin idarəedilməsi, sosial və siyasi elmlər sahələrində bacarıqlara yiyələnmiş yüksək ixtisaslı kadrlara ehtiyac duyulur.

Proqram çərçivəsində xarici ölkə universitetlərinə göndərilmiş tələbələrin statistikasını nəzərə çatdıran müəllif indiyə qədər Dövlət Proqramı üzrə ümumilikdə 1825 təqaüd verildiyini və 533 nəfərin məzun olduğunu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə