Bu gün orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı keçirilir

Bu gün orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı keçirilir

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ( TQDK) bu gün 2013/2014-cü tədris ili üçün ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı keçirəcək. Komissiyanın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, müsabiqədə iştirak etmək üçün 39551 abituriyent ərizə təqdim edib. Onlardan 15986 nəfərini oğlanlar, 23565 nəfərini qızlar təşkil edir. 38540 abituriyent Azərbaycan bölməsi, 1011 abituriyent isə rus bölməsi üzrə imtahan verəcək.

Ərizə verənlərin 283 nəfəri artıq orta ixtisas təhsil müəssisələrindən məzun olmuş şəxslər, 47 nəfəri isə ali təhsillidir. 114 abituriyent xarici ölkə vətəndaşıdır. Ən yaşlı abituriyent 1965-ci il, ən gənc abituriyent 2001-ci il təvəllüdlüdür.

Məlumata görə, qəbul imtahanı mərkəzləşmiş qaydada Respublikanın 14 şəhərində - Bakı şəhərində 11961, Naxçıvanda 1892, Gəncədə 3429, Tovuzda 1766, Sumqayıtda 2448, Mingəçevirdə 2417, Şəkidə 2064, Ağcabədidə 1537, Göyçayda 2119, Şirvan 2625, Salyanda 1634, Lənkəranda 1656, Masallıda 1534, Xaçmazda isə 2469 abituriyentin imtahan verəcəyi gözlənilir. İmthanın keçirilməsi üçün ümumilikdə 71 imtahan mərkəzi, 351 imtahan rəhbəri, 3314 nəzarətçi-müəllim ayrılıb.

İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00 -da başlanacaq.

İmtahanda abituriyentlər 1 saat 30 dəqiqə ərzində hər fəndən 15 sual olmaqla Ana dili, Azərbaycan tarixi və riyaziyyatdan imtahan verəcəklər.

Rus bölməsinin abituriyentləri ana dili fənn bloku daxilində rus dili fənni ilə yanaşı Azərbaycan dil fənnindən də imtahan verəcəklər. Həmin abituriyentlərə Azərbaycan dilindən 5, rus dilindən isə 10 sual təqdim olunacaq.

Qeyd edək ki, abituriyentlərin ərizələrinin qəbulu iyulun 17-dən avqustun 15-dək internet vasitəsilə aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə