Azərbaycan Prezidenti İlham Əliyev 2012/2013-cü tədris ilində keçirilmiş "Ən yaxşı müəllim" və "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında sərəncam imzalayıb. SİA mövcud sərəncamla bağlı məktəb direktorlarının fikirlərini öyrənib:
Bakı şəhəri 39 nömrəli tam orta məktəbin direktoru Əzimova Tahirə: "Məktəbimizin "Ən yaxşı ümumtəhsil məktəbi" seçilməsi mən və kollektivim üçün böyük sevincdir. Çünki ölkə Prezidentinin sərəncamı ilə mükafatlandırılan 50 məktəbdən biri, məhz bizim məktəbdir. Elan olunan müsabiqədə iştirak etdik və seçilən məktəblər sırasına daxil olduq. Həm məktəb direktoru kimi, həm də Azərbaycan vətəndaşı kimi ölkə rəhbərinin sərəncamında məktəbimizin ismini görmək qürur vericidir. Bundan sonrakı fəaliyyətimizdə də çalışacağıq ki, bu etimadı doğruldaq. Növbəti illərdə də məktəbimizin seçilənlər sırasında olması üçün əlimizdən gələni edəcəyik"
Oğuz rayonu Xaçmaz kənd 1 nömrəli tam orta məktəbin direktoru Eyvaz Hacıyev: "Məktəbimiz artıq 3-cü dəfədir ki, bu müsabiqədə iştirak edir. Öncəki illərdə də nəticələrimiz normal olurdu. Cənab Prezident İlham Əliyevin məktəbimizə 10 min manat dəyərində mükafat ayırmasını kollektiv olaraq yüksək qiymətləndiririk və ən yaxşı 50 məktəb arasında bizim məktəbimizin adının qeyd olunduğuna görə, minnətdarlığımızı bildiririk. Bununla yanaşı, təhsil naziri Mikayıl Cabbarova obyektiv münasibətinə görə təşəkkürümü bildirirəm. Mən bu hadisəni ölkə rəhbərinin təhsilə, gələcəyə, gənc nəslin tərbiyyəsinə göstərdiyi qayğı kimi qiymətləndirirəm".
Bakı şəhəri 46 nömrəli tam orta məktəbin direktoru Sevinc Budaqova: "İlk öncə ölkə Prezidenti başda olmaqla, Azərbaycan xalqını Müqəddəs Ramazan bayramı münasibətilə təbrik edirəm. Məktəbimizin "Ən yaxşı ümumtəhsil məktəbi" seçilməsinə görə isə, cənab Prezident İlham Əliyevə və təhsil naziri Mikayıl Cabbarova minnətdarlığımı bildirirəm. Həmçinin, bütün müəllim kollektivimizə və şagird kontingentimizə təşəkkürümü bildirirəm. Çünki bu uğur bütövlükdə məktəb kollektivinin nailiyyətidir".
Bakı şəhəri 20 nömrəli məktəb-liseyin direktoru Sabir Məmişov: "Bizim üçün böyük fəxrdir ki, məktəbimiz keçirilən müsabiqədə qalib gəlib və cənab Prezidentin sərəncamı ilə ən yaxşı ümumtəhsil məktəbi seçilib. Bu uğur tək mənim deyil, məktəb kollektivimizin hər bir üzvünün əməyinin nəticəsi, bizim fəaliyyətimizə verilən qiymətdir. Daha bir sevincimiz isə məktəbimizdə çalışan iki müəllimimizin iştirak etdikləri müsabiqədə "Ən yaxşı müəllim" adına layiq görülməsidir. Qeyd etmək istərdim ki, mən müəllim kimi fəaliyyət göstərdiyim illərdə də Prezidentimizin sərəncamı ilə "İlin ən yaxşı müəllimi" müsabiqəsinin qalibi olmuşam. Direktorluq fəaliyyətimdə də bu uğuru kollektivlə birgə əldə etmək mənim üçün böyük sevincdir".
Qeyd edək ki, ölkə Prezidentinin sərəncamına əsasən, müsabiqədə müvəffəqiyyət qazandığına görə ümumtəhsil məktəbləri 10000 (on min) manat məbləğində birdəfəlik pul mükafatı ilə, müəllimlər isə 5000 (beş min) manat məbləğində birdəfəlik pul mükafatı ilə mükafatlandırılıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB