Rezidenturaya hazırlaşanlar üçün sınaq imtahanları keçiriləcək

Rezidenturaya hazırlaşanlar üçün sınaq imtahanları keçiriləcək

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) rezidenturaya hazırlaşan namizədlərə kömək məqsədilə 17 avqust 2013-cü il tarixdə baza fənləri üzrə və 18 avqust 2013-cü il tarixdə isə ixtisas fənləri üzrə sınaq imtahanları keçirəcək. Komissiyadan SİA-ya verilən xəbərə görə, imtahanda iştirak etmək istəyən namizədlər avqustun 6-dan 15-dək internet vasitəsi ilə qeydiyyatdan keçməlidirlər.

Qeydiyyatdan keçmək üçün 2 ədəd TQDK-nın virtual ödəmə karti tələb olunur. Ödəmə kartlarını elektron xidmətlər portalında göstərilən internet ünvanlarından əldə etmək olar.

Sınaq imtahanına yazılmaq üçün nəzərdə tutulmuş virtual ödəmə kartlarını SMS-lə əldə etmək istəyən namizədlər Azercell, Baksell və Nar Mobile nömrələrindən 7735 nömrəsinə SMS göndərməlidirlər. SMS-ə cavab olaraq abonentin telefonuna kartın seriya nömrəsi və Pin kodu göstərilən virtual ödəmə kartı daxil olacaq. Sınaq imtahanları Bakı şəhərində keçiriləcək.

Sınaq imtahanına gələrkən namizədlər şəxsiyyət vəsiqəsini və imtahana buraxılış vərəqəsini özləri ilə gətirməlidirlər.

Qeyd edək ki, başqasının şəxsiyyət vəsiqəsi ilə yazılmış namizədlər imtahan binasına buraxılmayacaqlar. İmtahana mobil telefon, kalkulyator və digər köməkçi vasitələrin gətirilməsi qəti qadağandır! Sınaq imtahanları namizədlərə biliklərini yoxlamaqda, ümumi hazırlıq səviyyələrini müəyyən etməkdə yardımçı olacaq. İmtahanlarda iştirak edən namizədlər özlərini real imtahan şəraitində hiss etməklə qəbul imtahanlarına psixoloji cəhətdən uyğunlaşmaq və ayrılmış vaxtdan səmərəli istifadə etmək bacarıqlarını inkişaf etdirə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə