TQDK bakalavrlara müraciət etdi DİQQƏT!

TQDK bakalavrlara müraciət etdi DİQQƏT!

Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarının boş qalan yerlərinə qəbul 2013-cü il martın 3-də və iyunun 23-də keçirilmiş ikimərhələli qəbul imtahanında toplanılmış ballar əsasında müsabiqə yolu ilə aparılır. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) SİA-ya verilən xəbərə görə, ali təhsil müəssisəsinin magistraturasına qəbul olunmuş bakalavrların boş qalan plan yerlərinə keçirilən müsabiqədə iştirak etmək hüququ yoxdur.

Bakalavrlar boş qalan yerlərə keçirilən müsabiqədə iştirak etmək üçün 2013-cü il 7 avqust saat 9.00-dan 14 avqust saat 09.00-dək TQDK-nın internet saytının müvafiq səhifəsinə (tqdk.gov.az/erizemag) daxil olub, seçdiyi ixtisaslaşmaların kodlarını "Bakalavrın elektron ərizəsi"ndə qeyd edib təsdiqləməlidirlər. Ərizəni təsdiq etmək üçün bakalavrlar TQDK-nın yeni virtual ödəmə kartını almalı və ixtisaslaşma seçimini təsdiq etmək üçün həmin kartın şifrindən istifadə etməlidirlər.

Boş qalan plan yerləri olan ixtisaslaşmaların siyahısı "Magistr" jurnalının 6-cı sayında dərc olunub. Hər bir bakalavr bu siyahıdan imtahan verdiyi proqrama aid və bitirdiyi bakalavr ixtisasına müvafiq 20-dək ixtisaslaşma kodunu seçə bilər.

Bakalavr ixtisaslaşma kodlarının sayını və ardıcıllığını istədiyi kimi seçib ərizəsində göstərir. Seçilmiş ixtisaslaşmaların ərizə formasında göstərilən ardıcıllığı müsabiqə zamanı hüquqi əsas kimi qəbul olunur və bakalavr topladığı bala əsasən müsabiqədən keçdiyi ixtisaslaşmaların birincisinə yerləşdirilir. Dövlət hesabına magistraturada təhsil almış magistrlər dövlət sifarişi ilə qəbul aparılan yerləri seçə bilməzlər.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, qüvvədə olan qanunvericilikdə və dövlətlərarası razılaşmalarda digər hallar nəzərdə tutulmayıbsa, dövlət sifarişi ilə qəbul aparılan yerləri seçə bilməzlər.

Qeyd edək ki, tədrisi ingilis (alman) dilində olan ixtisaslaşmaların dövlət sifarişi üzrə ayrılmış yerlərini seçmək üçün bakalavrın imtahanın birinci mərhələsində ingilis (alman) dilindən topladığı balı 20-dən, ödənişli yerlərini seçmək üçün isə 15-dən az olmamalıdır.

Həmçinin 6, 7, 9, 10, 20, 21, 26, 29, 30 saylı proqramlar üzrə müsabiqə vəziyyəti və qəbul planı nəzərə alınaraq müsabiqə şərtlərində dəyişiklik edilib. Bu proqramlar üzrə ixtisaslaşma seçimində iştirak edənlərin imtahanın ikinci mərhələsindəki nəticələrinə qoyulan minimal tələb dövlət sifarişli yerlər üçün 20, ödənişli yerlər üçün isə 15 bala endirilib, ümumi balına qoyulan tələblər dəyişməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə