Məleykə Abbaszadə valideynlərə xəbərdarlıq etdi

Məleykə Abbaszadə valideynlərə xəbərdarlıq etdi

"İxtisas seçimi zamanı abituriyentlər və valideynlər son dərəcə diqqətli olmalıdırlar". SİA-nın xəbərinə görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında belə deyib. O bildirb ki, artıq III, I və IV ixtisas qrupu üzrə imtahanlar başa çatıb: "I və III qruplar üzrə qabiliyyət tələb edən ixtisaslar üzrə imtahanlar yekunlaşıb, IV qrup üzrə abituriyentlər isə tələb olunan ixtisaslar üzrə qabiliyyət imtahanı verir. Avqustun 6-dan etibarən Azərbaycanda ali və 11 illik təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə ixtisas seçimi başlayır".

Komissiya sədri vurğulayıb ki, abituriyent ixtisas seçimini özü aparmalı, sonra da kompüterin arxasında oturaraq kodları daxil etməli və təsdiqləməlidir. Məleykə Abbaszadənin sözlərinə görə, bu prosedurlar zamanı düzgün qərar qəbul etmək üçün TQDK tərəfindən abituriyentlərə bütün məlumatlar verilib: "I, III və IV qrup üzrə kitabçalar satışa çıxarılıb, kitabçaların elektron formada da satışa çıxarılmasını tapşıracağam. Bundan sonra kitabçaları əldə etməyənlər onları internetdən ala bilərlər. Bundan sonra düzgün qərar qəbul etmək yalnız abituriyentlərdən asılıdır".

M. Abbaszadə ixtisas seçimi zamanı abituriyentlərə sərbəstlik verilməsi ilə bağlı valideynlərə xəbərdarlıq edib: "İxtisas seçimi aparan zaman abituriyentə ailə tərəfindən 2 məhdudiyyət qoyula bilər. Bunlardan biri gəncin yaşadığı şəhərdə, yoxsa ayrı bir şəhərdə olan ali məktəbi seçməsi, digəri isə abituriyentin dövlət sifarişi yox, ödənişli yerlərdə oxumasına imkanın verilməsidir. Bu iki məsələni valideyn uşaqla birgə müzakirə etməlidir. Amma ixtisas seçimi zamanı qalan proseslərdə valideynlər uşaqlara sərbəstlik verməlidilər".

Bütün xəbərlər Facebook səhifəmizdə